ADGTT-da yeni beynəlxalq layihənin hazırlanmasına start verilib

Hər zaman maraqlı layihələr reallaşdıran Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir yeni layihə üzərində yaradıcılıq prosesi başlayıb. SİA-nın məlumatına görə, Bakı Yunis Əmrə İnstitutu ilə birlikdə teatrın birgə layihəsi “Eşqi – Nigar” adlanır. Əsər türk dünyasının ortaq əfsanəvi qəhrəmanı Koroğlu dastanı əsasında hazırlanır.

“Ümid edirəm ki, əfsanəvi xalq qəhərəmanı Koroğlu dastanının əsas obrazlarından olan Nigarın Koroğluya olan sevgi motivləri üzərində qurulan tamaşa həm Azərbaycan, həm də qardaş Türkiyə tamaşaçıları tərəfindən rəğbətlə qarşılanacaqdır. Bunu deməyə əlimizdə olan zəngin material və eyni zamanda truppamızda olan aktyor potensialıdır.” – deyə teatrın direktoru Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov layihə iştirakçıları ilə görüşərkən söyləyib.

Tamaşanın quruluşçu rejissoru Ayla Həşimova, səhnələşdirmə müəllifi Amaliya Ömərova, baletmeystr Ceyhun Dadaşovdur. Tamaşada əsas obrazları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Ramiq Nəsirov, Eyvaz İbrahimov, İlham Əsədov, Vahid Orucoğlu və başqaları ifa edəcəkdir. Tamaşanın bədii rəhbəri Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.

Sözügedən layihənin Bakı premyerası bu ilin noyabr ayının 14-də baş tutacaqdır. Sonrakı nümayişlər isə Türkiyə Cumhuriyyətinin Ərzurum, Bolu və digər şəhərlərində nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə