Nə edək ki, bizim ölkədə müxaliflik düşüncəsi hələ də 88-ci ilin səviyyəsindən bir addım da irəli getməyib. Hələ də dağıdıcı xislətli müxaliflər, əsassız olaraq iqtidarı suçlamaqla, onu xalqın gözündən salmaq, siyasəti yürüdür. Həm də bunu o qədər səbatsızcasına edir ki, adamın onlara, sadəcə, qəzəbi tutmur, həm də yazığı gəlir. Yəni bu adamlar elə bir ciddi əsas tapa bilməyəndə, üz tuurlar bizim iqtidara aidiyyəti olmayan məsələlərə və hər vasitə ilə onu bu iqtidarla bağlamağa cəhd edirlər.

Bir müddət əvvəl ermənilərin növbəti başyeyəni Paşinyan Qarabağda sərsəmlədi, Paşinyanı buraxıb düşdülər bizim iqtidarın üstünə. Sanki bizim iqtidar deyib Paşinyana ki, gəl Qarabağa və orda sərsəmlə. Qəribəsi də odur ki, siyasətdən dəm vuran müxalif partiyaların heç biri hayların özlərinə bənzər liderlərinin bu sərsəmləməsi ilə bağlı nə bir bəyanat, nə də beynəlxalq qurumlara ünvanlanan bir müraciət yaymadılar. Səbəbi də məlumdur, Paşinyana dəstək verən güclər həm də bizim bəzi müxaliflərimizlə əlaqəlidir və onlara belə məsələlərdə necə davranmaq tapşırığı da həmin güclərdən gəlir. İndi də yeni bir faktdan yararlanmaq cəhdi! BMT-nin saytında Ermənistan Respublikasının sənədləri arasında qondarma “Artsax” separatçılarının da sənədi yayımlanıb. Söz yox, bu, ciddi narahat olmağa əsas verən yeni diplomatik təxribatdır və buna ciddi də reaksiya verilməlidir. Aldığımız son məlumata görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi də, ölkənin Xarici İşlər Nazirliyi də artıq məsələ ilə bağlı qətiyyətli və konkret diplomatik addımlar atıblar. Amma bizim müxalifətimiz yenə öz ampluasına uyğun olaraq, bu sənədi hansı yollasa öz sənədləri arasına soxuşdurub şübhəsiz, erməni lobbisinin və onlara dəstək verən güclərin əli ilə). BMT kimi mötəbər bir qurumun nüfuzuna xələl gətirənlər də, onlara bu saxtakarlığı reallaşdırmaqda yardımçı olanlar da qalıb bir kənarda, yenə Azərbaycan iqtidarının diplomatik korpusunu hücum nöqtəsi seçiblər. Sosial şəbəkələrdə hay-küy salıblar ki, ay dadi-bidad, BMT “Artsax» rəsmən tanıdı. Ayıbdır, vallah, ayıb.

Bu adamlar anlamırlar ki, belə ucuz dəst-xətlə yalnız qaragüruha (güman ki, onlara da elə qaragüruh lazımdır...) təsir göstərə bilər. Bu, bir həqiqətdir ki, bu gün Azərbaycan Ermənistanla bütün istiqamətlər üzrə savaşır. Hərbi güclə yanaşı infomasiya, iqtisadiyyat, mədəniyyət, elmi-tarixi, o cümlədən, diplomatiya savaşı gedir aramızda. Düşmən daim ayaqdadı və dünya xristian təəssübkeşlərinin də (razılaşarsınız ki, bu, elə-belə güc deyil) dəstəyinə güvənib, bütün sahəlrdə bizi yenməyə can atır.Xatırlayırsınızsa, əvvəllər də, məhz BMT-də yayılan sənədlər arasında buna bənzər belə təxribata əl atılmışdı. Sonda həmin sənəd, məhz Azərbaycan diplomatlarının başarısı ilə hüquqi qüvvəsindən düşdü və adi kağız parçası oldu. Əminəm ki, yenə nəticə eynilə olacaq. Ən azı, dünyanın heç bir dövləti tərəfindən, hətta o cümlədən, Ermənistan tərəfindən tanınmayan qondarma bir separatçı qurumun BMT tərəfindən tanınması (?) absurddur və bunu belə təqdim etməyə çalışanların, görünür, beynəlxalq hüquqdan anlayışları yoxdur.Bu, məsələnin bir tərəfi. Digər ən acınacaqlı tərəfi isə, ondan ibarətdir ki, yenə bu hay-küyü salan müxaliflərimiz və onların küyünə gedən bəzi sosial şəbəkə “qəhrəmanlar”ımız məsələdə nə BMT-ni, nə erməni diplomatları, nə də onlara yardım edən məlum gücləri deyil, Azərbaycan iqtidarını nişana alıb. Yenə də, sanki bu sənədin sənədlər arasına dürtülməsini bizim iqtidar təşkil edib (?). Bu necə müxaliflikdir, anlamaq olmur. Niyə bir siyasi qurum belə, bir bəyanat yaymadı? Yaxud BMT yetkililərinə müraciət etmədi? Bunlar, hələ də anlamırlarmı ki, onlar bu iqtidara müxalif ola bilərlər, ancaq dövlətə, millətə və VƏTƏNə müxalif olmaq, milli xəyanətə bərabərdir? Düşünmək zamanı yetişib, bəylər. Papaqdan-zaddan, görün, kimdən borc alırsınız, qoyun qabağınıza, yaxşı-yaxşı fikirləşin. Onda anlayacaqsınız ki, belə antimilli müxalifliyinizlə siz iqtidara deyil, ümumən, AZƏRBAYCAımıza zərbə vurmuş olursunuz...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...