Köhnə təfəkkürlü müxalifətin yeni rüsvayçılığı

Xalqdan ayrı düşüb, anti-Azərbaycan dairələrin qazanının dibini yalayan dağıdıcı müxalifəti növbəti uğursuzluq gözləyir

25 ildən artıqdır ki, siyasət meydanında var-gəl etsələr də, fakt budur ki, xalqdan ayrı düşüb, anti-Azərbaycan dairələrinin qazanının dibini yalayan dağıdıcı müxalifət köhnə təfəkküründə və düşüncəsində qalmaqdadır. Yəni müxalifət hələ də müasir dövrün yenilikləri və qlobal dəyişiklikləri ilə ayaqlaşa bilmir. Hələ də meydan təfəkkürü ilə yaşamaqda və fəaliyyət göstərməkdədir. Bu da, təbii olaraq, müxalifətin siyasi proseslərdə uğursuzluğa düçar olmasını şərtləndirən fakta çevrilir. SSRİ-nin dağılmasını şərtləndirən kodekslə məsələni müqayisə etsək, fikrimizin əsaslı ola biləcəyini demək olar. Yuxarılar aşağıların, aşağılar isə yuxarıların təkliflərini, istək və tələblərini qəbul edə bilmədiklərindən, SSRİ dağıldı. Eynilə, Azərbaycan müxalifətində də yuxarılarla aşağılar arasında ciddi qarşıdurmalar mövcuddur. Bu baxımdan, aşağılardan başlayan istefalar yuxarılara doğru adlamaqdadır. Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifətin uğursuzluğa düçar olmasının başlıca səbəbini, partiya sədrlərinin separatçı mövqe tutmaları ilə əlaqələndirib. Bildirib ki, meydan hərəkatından başlayaraq həmişə separatçı mövqe tutmuş insanlar bir təşkilatdan çıxıb o birinə üzv olur və ya ayrı-ayrı təşkilatlar yaradırdılar. "Xalq hərəkatı", "Milli Şura" kimi hər cür bər-bəzəkli adlar tapırlar, ancaq hamısı eynidir, burada kənar adamlar yoxdur. Siyavuş Novruzovun sözlərinə görə, müxalifət düşərgəsində digər partiyalardan uzaqlaşdırılmış, çıxarılmış, qovulmuş, yaxud köhnə təfəkkürdən təmizlənmiş insanlar da mövcuddur: "Bəzilərinin 70 yaşı var, lakin hələ də öz yollarını tapa, nə istədiklərini özləri üçün aydın edə bilməyiblər. Bu insanlar arasında kəskin şəkildə fikir ayrılığı, qarşıdurma var və hər birində ciddi şəkildə mənəm-mənəmlik, özündənrazılıq düşüncəsi yaranıb. Yaxşı ki, onların bu hərəkətləri göstərilir və insanlar vaxtilə Azərbaycana kimlərin rəhbərlik etdiyini və yenidən rəhbərlik etmək arzusunda olduğunu bir daha görürlər".

Birmənalı şəkildə demək olar ki, müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin böyük əksəriyyəti siyasətə gəlir mənbəyi kimi baxırlar. Xüsusilə, AXCP və Müsavat funksionerləri xarici qüvvələrlə iş birliyinə getməklə, onlardan yardımlar alırlar. Məhz buna görə də, AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı Arif Hacılının, "Milli Şura"nın rəhbəri Cəmil Həsənlinin, Müsavatın keçmiş başqanı İsa Qəmbərin, AXP-nin sədri Pənah Hüseynin və digərlərinin övladları xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alır və bahalı evlərdə yaşayırlar. Ancaq siyasətdə uğur qazana bilməyiblər. Çünki müxalifət başbilənlərindən birinin, bir zaman dediyi kimi, "pul qoyub, pul götürmək olar, amma pul qoyub, siyasətdə uğur əldə etmək olmaz". Belələri haqqında çoxsaylı faktlar-sübutlar göstərmək olar. AXCP sədri Ə.Kərimlinin, Müsavat başqanı A.Hacılının, Müsavatın keçmiş başqanı İ.Qəmbərin siyasi fəaliyyətlərinə nəzər yetirdikdə, hər şeyin məlum olduğunu görmək olar. Bu məxluqlar az qala yaşlarının yarısını siyasətə qurban versələr də, qazandıqları ancaq xalqın ittihamı, tənqid və iradları olub. Ağa qara demək, xalqın sevincinə və hakimiyyətin apardığı uğurlu siyasətə qərəzli yanaşmaq onların həyat tərzidir. Belələrinin yenilənməsinə ehtiyac var ki, bunun da reallaşmasına siyasi gəlir mənbəyi kimi baxan məxluqlar, heç cürə imkan vermədilər. Yalnız rayon təşkilatlarının qətiyyətinə və prinsipiallığına ehtiyac var ki, yəqin bu gözləntilər də yaxın vaxtlarda həyata keçəcək.

Müxalif düşərgə dağılan tifaqa bənzəyir

Müxalifətdaxili mövcud ağır vəziyyəti dəyişmək üçün müxalif partiyaların rəhbərliyinə yeni simalar və yeni qüvvələr gəlir. Bu növ şəxsləri bəxtlərini, yəni şanslarını yoxlamağa cəhd göstərənlər adlandırmaq olar. Amma nə yazıqlar ki, əksər hallarda, o şəxslər şanssız olurlar, nəinki cəmiyyətdə, ümumilikdə, baş vurduqları siyasət aləmində hörmət və izzət sahibi ola bilmədiklərindən, uğursuzluğa düçar olub, kor-peşman əski mövqelərinə qayıdırlar. Meydana siyasi reallıqları düzgün dərk edən və xaricdən asılılığı olmayan yeni gənc liderlər çıxmalıdır. Lakin bugünkü reallıqda müxalifət düşərgəsində bunu görmək və ya "yeni simaları" cəmiyyətə təqdim etmək mümkün deyil. Çünki siyasi arenaya çıxan yeni simalar indiki korlanmış müxalifət funksionerlərinin cərgəsində əriyərək, sıradan çıxır və ya elə onların bir tayı olurlar. Yenilik yalnız ikinci - üçüncü tip şəxslərin başqanlığa və ya kollegial orqanlara gətirilməsi deyil, bütövlükdə, ideologiya dəyişməli, müstəqil və demokratik idarəetmə sistemi qurulmalıdır. Hazırkı müxalifət liderlərin və funksionerlərinin siyasi imici həddən artıq korlanmış durumdadır. Bir qədər əvvəl ADP, "Ümid" və "VİP" yeni dəyişikliklərə can atdılar. Hətta bu istiqamətdə müzakirələr də apardılar. Ancaq bu partiya sədrləri arasında aparılan müzakirələrin nəticəsiz qalması, düşərgə daxilində proseslərin istiqamətini dəyişdirib. Müxalifət qazanının dibini yalayan ekspertlər də, etiraf edirlər ki, ciddi iradə ortaya qoyub, dəyişikliklərə gedilməsə, müxalifət partiyaları daxilində qeyri-müəyyənliyə gətirib çıxaran anormal vəziyyət düşərgədə ciddi problemlər yaradacaq. Proseslərə əsasən, demək olar ki, hazırkı məqamda ən təlatümlü və narahat partiyalar AXCP, ADP, KAXCP və Müsavat partiyalarıdır. Müsavatda cərəyan edən hadisələr maraqlı nüansları ortaya çıxarır. Arif Hacılının başqanlığa gətirilməsindən sonra partiya daxilində qarşıdurmalar günbəgün artmaqdadır. Partiya başqanı A.Hacılının idarəçiliyindən narazı olan qruplar açıq müstəvidə mübarizəyə başlayaraq, situasiyanı öz xeyirlərinə dəyişdirməyə çalışırlar. Bundan istifadə edən AXCP sədri Ə.Kərimli yaranmış vəziyyətdən səmərəli surətdə istifadə etməyə çalışır. Nəzərə almaq lazımdır ki, bu iki partiya arasında əzəli düşmənçilik mövcuddur. Hər iki partiya funksioneri bir-birini sıradan çıxarmaq üçün məqam gözləyib. Müsavatda baş verənlər Ə.Kərimlinin işinə yaradığından, o, bütün qüvvəsi ilə Müsavatı tamamilə sıradan çıxarmağa çalışır. Müxalifət düşərgəsində hazırda iki qütbə bölünən partiya funksionerləri arasında qarşılıqlı ittihamlar güclənməkdədir. Amma Müsavat funksionerləri AXCP-nin həmlələri qarşısından geri çəkilmək fikrində deyillər. Bu isə, mübarizənin sonrakı mərhələdə gərginləşəcəyini və partiya funksionerlərinin bir-birinə qarşı ittihamlarının sferasının genişlənəcəyindən xəbər verir.

Müxalifət niyə meydan təfəkküründən qurtula bilmir?

Maraqlı məqam ondan ibarətdir ki, bu günə qədər müxalif düşərgədə yedək rolunda çıxış edən pariyalar üzə çıxmağa və müxtəlif şoularla diqqət mərkəzinə çevrilməyə çalışırlar. Hətta elə müxalif mövqeli fərdlər var ki, AXCP və Müsavat kimi iddialı partiyaların artıq sıradan çıxdığını gördüklərindən, "bəlkə alındı" istəyi ilə gizlincə qurultay keçirir və bir qədər sonra yeni partiyanın yarandığı barədə Mətbuat Şurasının reket elan etdiyi saytlarda və ya qəzetlərdə məlumat yayırlar. Ancaq sonradan məlum olur ki, qurultay-filan olmayıb. Sadəcə, partiya sədri elan olunan şəxsin bağ evində məclis qurulub, sağlıqlardan və pafoslu tostlardan sonra təşkilatın yaradıldığı barədə qərar verilib. Eyni zamanda, məclisin yüksək xərc hesabına başa gəldiyi nəzərə alınaraq, xərc çəkən sədr elan olunub. Amma bu, bir faktdır ki, "sədr" siyasətin nə olduğunu belə anlamır. İctimai-siyasi proseslərə məişət məsələləri kimi yanaşıb, elə o tərzdə də münasibət bildirir. Elə ilk müsahibəsində və ya açıqlamasında özünü ifşa etməklə, adını siyasətdə uğursuzluğa düçar olanların siyahısına yazır. Fikir verin "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyev hər gün demək olar ki, sosial şəbəkələr vasitəsi ilə şər, böhtan və dezinformasiya xarakterli məlumatlar yayır. Ancaq nə faydası, hər kəs onun boşboğazlığa yol verdiyini bildiyindən, fikirlərini rədd edirlər. Eyni münasibəti "Gələcək Azərbaycan Partiyası"nın sədri Ağasif Şakiroğlu və digərləri haqqında da söyləmək olar. Qısası, onu qeyd etmək olar ki, müxalifət düşərgəsi təlatümlü və ağır dövrünü yaşamaqdadır. Kimin meydana çıxıb nə uydurmasından və hansı cəfəng fikirləri söyləməsindən asılı olmayaq, müxalif düşərgə arzu olunmaz meydan olaraq qalmaqdadır.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə