London Rusiya neftinin daşınmasına qadağa qoyur

London Rusiya neftinin daşınmasına qadağa qoyur

Böyük Britaniya yanacaqğın Qərb hökumətləri tərəfindən müəyyən edilmiş qiymət limitindən yüksək qiymətə alınarsa, bu halda öz şirkətlərinə Rusiya neftinin üçüncü ölkələrə daşınması üçün xidmət göstərməyi qadağan edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant bildirib.

Dekabrın 5-dən etibarən qüvvəyə minəcək bu qadağa yüklərin sığortası, broker və çatdırılma daxil olmaqla, Böyük Britaniya şirkətlərinin istənilən xidmətlərinə şamil olunacaq.

“Biz Rusiya neftinin Böyük Britaniyaya idxalına qadağa qoyduq və ondan tamamilə imtina etməkdə əhəmiyyətli irəliləyiş əldə etdik”, - deyən maliyyə naziri, yeni qadağanın köməyi ilə Britaniya hakimiyyətinin Moskvanın gəlirlərini azaltmaq və hərbi əməliyyatları maliyyələşdirmək üçün ona qarşı “vintləri sıxmağa” davam edəcəyini də əlavə edib.

Xatırladaq ki, hələ iyunun əvvəlində Avropa İttifaqı və Böyük Britaniya Rusiya neftini daşıyan gəmilərin sığortasını birgə qadağan etmək barədə razılığa gəlsələr də, lakin avqustda London bu addımı təxirə salmaq qərarına gəldi.

Ehtimallara görə, Britaniya hakimiyyətinin qərarına qlobal enerji böhranının kəskinləşməsi qorxusu, eləcə də ən böyük sığorta bazarı olan “Lloyd's of London”un Londonda yerləşməsi təsir edə bilərdi.

Yeri gəlmişkən bundan əvvəl Böyük Britaniya krallığın özünə Rusiya neftini daşıyan tankerlərin gəmi sığortasını qadağan etmişdi və bu tədbirin 2023-cü ildə qüvvəyə minməsi nəzərdə tutulurdu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə