Tokioda QUAD liderlərinin sammiti başlayır

Tokioda ABŞ, Hindistan, Yaponiya və Avstraliyanın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) liderlərinin sammiti işə başlayıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.

Danışıqların əsas mövzuları regional təhlükəsizlik, dördtərəfli əməkdaşlığın dərinləşdirilməsi və Hind-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsi olacaq.

Sammit iştirakçıları Pekinin Şərqi Çin və Cənubi Çin dənizlərindəki hərəkətlərini, həmçinin Şimali Koreyanın raket proqramının aktivləşdirilməsini müzakirə edə bilərlər.

Həmçinin, QUAD-a üzv ölkələrin rəhbərləri COVID-19, iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə toxuna, regionda qeyri-qanuni balıq ovu ilə bağlı məlumat mübadiləsi təşəbbüsü ilə çıxış edə, həmçinin kosmosda qarşılıqlı fəaliyyətin yeni formasını yarada bilərlər.

Dördlüyün hazırkı görüşü ikinci əyani sammitidir.

Bütün xəbərlər Facebook səhifəmizdə