Gürcüstan Ukraynaya yenə də dəstəyini bildirib

Ötən gün Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri David Zalkaliani ölkə olaraq Ukrayna ilə həmrəy olduqlarını bəyan edib.

Belə ki, Zalkaliani "Twitter" səhifəsində hər hansı bir ölkənin ərazi bütövlüyü və suverenliyinə təhdid yaratmağın qəbuledilməz olduğunu bildirərək, Gürcüstanın Ukrayna və Ukrayna xalqı ilə həmrəy olduğunu bildirib. O, Gücüstanın Ukraynanın yanında olduğunu da açıq şəkildə bəyan edib.

Yeri gəlmişkən bildirək ki, bu gürcülərin Ukrayna xalqına qarşı nümayiş eltdirdikləri ilk dəstək deyil. Xatırladaq ki, hələ ötən ilin aprelində də Gürcüstan parlamentinin xarici əlaqələr komitəsi Donbassdakı eskalasiya vəziyyəti ilə bağlı olaraq Ukraynaya dəstək bəyanatı qəbul etmişdi.

Gürcüstanı və Ukraynanı xüsusi münasibətlər, dostluq və strateji tərəfdaşlıqla biri-birlərinə bağlılığını ifadə edən həmən bəyanatda bir daha Gürcüstanın Ukraynanın suverenlik və ərazi bütövlüyünə qətiyyətli dəstək öz ifadəsini tapmışdı.

Onu da qeyd edək ki, yenə də həmən ərəfədə açıqlama ilə çıxış edən Gürcüstanın xarici əlaqələr komitəsinin rəhbəri, deputat Nikoloz Samxaradze ölkəsinin NATO və Ukrayna arasındakı əlaqələrin dərinləşməsini alqışlayaraq, sabitliyin zəmanətçisi kimi NATO-nun Qara dəniz regionunda daha fəal iştirakına dəstək verdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə