Əfqanıstanın “bərpasına” kimlər ödəniş edir?

Artlq, deyildiyi kimi, “Taliban” bütün Əfqanıstanın hakimiyyəti altında son qələbə və birləşməsini elan edib. Bu ölkəni İslam əmirliyinə çevirmək tərəfdarlarının sözlərinə görə, son müqavimət “qalasını” - Əhməd Məsud silahlılarının və Əfqanıstanın keçmiş vitse -prezidenti Əmrullah Sale tərəfindən birgə nəzarət edilən Pəncşir vadisini ələ keçirməyi də bacarıblar.

Beləliklə keçmiş prezident Əşrəf Qani ölkədən qaçdıqdan sonra “Taliban” hakimiyyəti tam olaraq öz üzərinə götürüb. Amma maraqlıdır ki, Milli Müqavimət Cəbhəsi hələ ki sözdə

“Taliban”ın iddialarını rədd edir.

Qeyd edək ki, bu artıq elə də böyük rol oynamır. Yəni dünya, bəzi istisnalarla, Əfqanıstan hökumətini qəbul etməyə başlayıb. Məsələn, Pentaqon nümayəndələri daha əvvəl Pəncşir müqavimətini dəstəkləməyəcəklərini açıq şəkildə bildirmişlər. Budur, artıq xarici hökumətlər Əfqanıstanın paytaxtı Kabilə nəzarət edənlərə “etibar etməyi” seçirlər.

Doğrudur, bu gün Əfqanıstanda hələ də yeni bir hökumət hələ ki, formalaşmayıb. Dövlətçilikdə “naşı olan” taliblər “texniki səbəbləri” əsas kimi gətirərək onu qura bilməyiblər. Amma Qərbin taliblərin qələbəsini tanımaqda nə qədər tələsdiyi diqqət çəkir. O da maraqlıdır ki, bundan sonra Pəncşirdə nə baş verə biləcəyi heç Avropa Birliyini də çox narahat etmir. Hətta Qərb artıq Angela Merkelin dili ilə Əfqanıstana əvvəllər kəsilmiş humanitar yardım tədarükünü yenidən bərpa etməyi təklif edir.

Qeyd edək ki, artıq amerikalılar da eyni ruhda danışmağa başlayıblar.

Maraqlıdır, görən “Taliban” bu humanitar yardımdan necə istifadə edəcək? Yeni silahlar almayacaq ki? Və əgər alacaqsa Qərb, elə amerikalılar da buna göz yummayacaq ki? Təbii ki, məncə bunlar Qərb və ya amerikalılar üçün elə də bir önəm kəsb etmir. Məsələ bundadır ki, hazırda onları qorxudub narahat edən əfqanların vüsət alan qaçqın dalğasıdır. Xatırladaq ki, Kabilin süqutundan sonra bir neçə yüz min insan təyyarələrlə ölkədən çıxarılıb. Son həftələrdə yüz minlərlə, bəlkə də milyonlarla insan Əfqanıstanın quru sərhədlərinə hücum edərək ölkəni tərk etməyə çalışır. Ancaq artıq müxtəlif ölkələrdən hərbi təyyarələrlə Avropa Birliyinə çatanlara belə, birlik səlahiyyətliləri qaçqın statusu verməyə tələsmirlər.

Belə görünür ki, onlar bu dəfə də 2016-cı ildə olduğu kimi, qaçqın problemini Türkiyə vasitəsilə həll etməyə çalışırlar. Və hətta Qərb bunun “Taliban”la razılaşdırılacaqlarına da ümid edir. Amma bu elə də real görünmür.

Əslində, “Taliban”ın Əfqanıstanda qurduğu İslam Əmirliyinə eyni vaxtda sponsorluq etmək və bununla yanaşı ölkədəki milli azlıqların hüquqlarına hörmət və ya qadınların hüquqlarını pozmaqdan imtina etmələrini taliblərdən tələb etmək elə də asan görünmür. Yəni silahlılarla zəif mövqedən danışmaq mümkün deyil. Pulu alacaqlar və bu vəsaitdən öz islamçı proqramlarını davam etdirəcəklər.

Qərb isə kütləvi qaçqın dalğasının qarşısını almaq üçün Kabildə yeni hakimiyyət orqanlarının radikallığına belə göz yummaq “məcburiyyətində qalacaq”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə