Doğrudanmı, valideynlər övlad qatilləridirlər…

“İraq hakimiyyəti, öz valideynləri tərəfindən öldürülən uşaq sayının artmasından narahatdır. Öz ata-anaları tərəfindən öldürülən uşaqların yaş həddi də müxtəlifdir – yeni doğulan körpədən, 13 yaşına qədər olan uşaqlar”.

Qeyd edim ki, mənzil-qərargahı Londonda yerləşən pan-ərəb satış nöqtəsinin gündəlik “Əl-Ərəbi əl-Cədid” nəşrində yer alan bu yazı mənə elə də inandırıcı görünmədi. Axı, əqli başında olan hansısa bir ananın dünyaya gətirdiyi övladına qarşı sonradan qənim kəsilməsi nə dərəcədə inandırıcıdır?

Bundan əlavə, müsəlman dünyasında ailə dəyərlərinə verilən önəmə başqa din nümayəndələri həmişə həsəd aparıblar axı. Bu, etiraf edilib deyə, elə də bir sirr deyil. Xatırlayıram, bir müddət bundan əvvəl Rusiya paytaxtındakı Rus Pravoslav kilsələrindən birinin nümayəndəsi müsəlman ailəsində övlada qarşı olam münasibətə həsəd apardığını gizlətmirdi. O, dediklərinin sübutu kimi, Rusiyadan fərqli olaraq, qonşu müsəlman ölkələrinin heç birində uşaq evinin olmadığını əsas kimi göstərirdi. Doğrudan da, müsəlman dünyasında doğulan hər bir uşaqa böyük qayğı, önəm verilib. Məhz bu mənada mən iraqlı uşaqlarla bağlı oxuduğum yazını amerikalıların bu ölkəyə “gətirdikləri demokratiya”nın təzahürü kimi dəyərləndirirəm. Etiraf edim ki, okeanın o tayında oturan hansa bir amerikalının “kasıb, demokratiyadan məhrum” iraqlı və ya livanlının halına yanıb onlar üçün demokratiya gətirməsi, nədənsə, mənə çatmır. Doğrudanmı, amerikalı və ya hər hansı bir avropalı müsəlman dünyasında “olmayan demokratiyadan” bu qədər narahatdır? Doğrudanmı, avropalıları müsəlman dünyasında baş verən uşaq ölümləri bu qədər kədərləndirir?

Məsələn, “Əl-Ərəbi əl-Cədid” nəşrinin yazdığına görə, ötən il İraqın müxtəlif şəhərlərində 23 uşaq ailələri tərəfindən öldürülüb(?). Maraqlıdır ki, nəşr bunu son illər iraqlı ailələrdəki daxili zorakılıqla əlaqələndirir. Uşaqlara qarşı ailədaxili şiddət hadisələrinin əksəriyyətinin Bağdad, Diyala və Bəsrə kimi şəhərlərdə olduğunu bildirir. Bundan əlavə, nəşr başqa səbəb kimi, iqtisadi və sağlamlıq problemlərinin nəticəsini göstərir.

Mənə elə gəlir ki, burada səbəb kimi başqa şeylər göstərilməlidir. Xatırladaq ki, İraq cəmiyyəti artıq 40 ildir ki, davamlı müharibələrlə yaşayır. Burada böyük kiçikliyindən asılı olmayaraq, ölüm hamı üçün adiləşib. Təbii ki, bunun da son dərəcə mənfi nəticələrə səbəb olacağı başadüşüləndir. Bundan əlavə, buraya ölkədəki yoxsulluq həddinin pik nöqtəyə çatdığını da əlavə etməliyik.

Amma... Bütün bunlara baxmayaraq, əqli başında olan hər hansı bir valideynin öz övladının qatili olması mənə, elə də, inandırıcı görünmür.

SİA-nın şərti əlavəsi: 1991-ci ilin 17 yanvarında 32 dövlətdən ibarət hərbi koalisiyanın İraqa hücum etdiyini xatırlamış olarsınız. ABŞ və İngiltərənin başında durduğu bu koalisiya İraqı Küveytə hücum etməkdə günahlandırırdı. Etiraf edilməlidir ki, İraqın qara günləri elə həmin vaxtdan başlayıb. Bu gün isə Amerıka və avropalıların İraqa gətirəcəkləri “demokratiya” hələ də yol gəlməkdədir. Qeyd edilməlidir ki, amerikalılar bu ölkədə gətirəcəkləri demokratiyanı gözlədikləri ərəfədə bekar da dayanmayıblar.

Bu gün qeyri-rəsmi məlumata görə, amerikalılar demokratiyanı gözlədikləri ərəfədə İraqdan 200 milyarlıq neft oğurlayıblar. Əslində bu rəqəm neçə illər bundan əvvəl səsləndirilirildiyi üçün, indi bu rəqəmin dəyişmədiyinə heç kim zəmanət verə bilməz.

Deyim ki, ABŞ başda olmaqla koalisiya üzvlər bu ərəfədə təkcə İraqla kifayətlənmədilər. “Şərqə gətirəcəkləri demokratiya”dan qonşu Liviyaya da pay ayırmağı özlərinə borc bildilər. Deyim ki, həmın ərəfəyə qədər Liviyadakı yaşam tərzi həm ABŞ, həm də İngiltərədəkindən yüksək idi. Altı milyondan bir qədər artıq olan liviyalılar üçün ölkədə hər cür şərait yaradılmaşdı. Belə ki, ölkədə doğulan hər bir körpə üçün 7 min, yeni evlənələrə ev almaq üçün 64 min dollar verilirdi. Ölkədə öz xalqa üçün saymaqla tükənməyən elə güzətli təkliflər var idi ki, bu nə Vaşinqtonun, nə də Londonun “demokrati”yasına uyğun gəlmirdi. Təbii ki, bu onları qane edə bilməzdi deyə, bu ölkəyə də öz “demokratiya”larını gətirdilər...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə