Yunanıstanın taleyi həll edildi

Qədim Elladanın varisi maliyyə yardımı ala bilməyəcək
Yunanıstanın taleyi həll edildi

"Yunanıstana əlavə maliyyə köməkliyi göstərilməyəcək, dibi görünməyən qaba pul tullamaq məsuliyyətsizlikdir". Bu sözlərin müəllifi Almaniyanın maliyyə naziri Volfqanq Şoybledir. Nazir ötən gün belə bəyanatla çıxış edib. SİA-nın Almaniya bürosundan verilən xəbərə görə, müşahidəçilər bu bəyanatı avqustun 23-də Yunanıstanın baş naziri Antonis Samarasın Almaniyanın kansleri Angela Merkel və Fransanın prezidenti Fransua Ollandla gözlənilən görüşü öncəsi Almaniyanın rəsmi mövqeyi kimi də qiymətləndirirlər. Cənab Şoyble Yunanıstan üçün daha bir yardım proqramının işə salınmasını mümkünsüz hesab edir. Onun fikrincə bu avronun iflasına gətirib çıxara bilər, avro isə vaxtilə markanın yarada biləcəyi inflyasiyanı aradan qaldıran stabil valyutadır.

Gözlənilir ki, Yunanıstanın baş naziri kansler Merkel və prezident Ollandla görüşdə onların qarşısına şərt kimi qoyulan radikal islahatların müddətini 2 illiyə uzadılmasını xahiş edəcək. Bu barədə Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankı ilə danışıqlarda müəyyən razılıq əldə olunub. Amma Yunanıstanı maliyyə uçurumundan qurtarmaq üçün ən böyük yükün altına girən Almaniyada yardımın davam etdirilməsinin əleyhdarları durmadan artmaqdadır. Bu ölkədə hesab edirlər ki, Yunanıstan qarşıya qoyulan öhdəlikləri qətiyyən yerinə yetirmir və vaxt uzatmaqla məşğuldur. Nüfuzlu alman deputatlarından biri hətta Yunanıstana borclarının əvəzində öz ərazisindən bir hissəsini satmağı təklif edib. Təklif Yunanıstanda hiddətlə qəbul olunaraq dərhal kəskin bəyanatlarla müşahidə olundusa da, Almaniyanın özündə deputatı ciddi tənqid edən tapılmadı.

Görünür üçlüyün görüşündə ciddi qərarlar qəbul ediləcək. Belə ki, görüşdən öncə təkcə alman rəsmilərinin deyil, digər avropalı liderlərin də bəyanatları mətbuatda özünə yer almaqdadır və bunların heç də hamısı Volfqanq Şoyblenin mövqeyi ilə üst-üstə düşmür. Avroqurumun daha bir müddətə rəhbəri seçilən Jan-Klod Yunker Yunanıstanın avrozonanı tərk etməyəcəyiunə əmin olduğunu bildirib. Onun sözlərinə görə Yunanıstanın avrozonadan çıxmasından o vaxt danışmaq olar ki, bu ölkə qarşısına qoyulan bütün şərtləri pozsun və verdiyi sözlərin heç birini yerinə yetirməmiş olsun. Amma, hər halda Yunanıstanın vəziyyətdən çıxmaq üçün cəhdlər göstərdiyi müşahidə olunur. Cənab Yunker hesab edir ki, qoyulan şərtləri aradan qaldırmaq üçün Yunanıstan səylərini ikiqat artırmaq yolunda addımlar atmağa hazırlaşdığı bir məqamda bu ölkənin avrozonadan xaric edilməsinə yekun ciddi əsas yoxdur. Avroqurumun rəhbəri onu da əlavə edib ki, Yunanıstanın avrozonadan çıxarılması "texniki" müstəvidə reallaşa bilər, siyasi baxımdan isə bu baş verməyəcək və bu barədə hər hansı bir plan da hazırlanmır.

Şahin Abasov,

SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə