Qəzza, Livan və İrana edilən hücumlarla bağlı çıxışları ilə diqqət çəkən İspaniya “yaşıl enerji” investisiyaları sayəsində Hörmüz böhranından ən az təsirlənən ölkələrdən biri olub. Avropa İttifaqı daxilində ön plana çıxan İspaniya, 500 mindən çox qeyri-qanuni miqrantı qanuniləşdirmək üçün addım ataraq Avropadakı digər ölkələrdən fərqli siyasəti ilə diqqət çəkməyə davam edir.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyada Pedro Sançes hökuməti miqrantların qanuniləşməsi üçün artıq məhkumluq qeydinin olmadığını sübut etməyi tələb edir və yarım milyondan çox insanın statusunu tənzimləmək üçün onlarla əməkdaşlıq edəcək.
Şura Dövlətinin qiymətləndirmələrinə uyğun olaraq hökumət 500 mindən çox miqrantın fövqəladə qaydada qanuniləşdirilməsini nəzərdə tutan qərarı daha da sərtləşdirib. Yeni qaydaya görə, əcnəbilərin hüquqi status əldə etməsi üçün məhkumluq qeydinin olmadığını təsdiqləmələri lazımdır. Hökumət isə bu prosesdən yararlanacaq şəxslərin sayını maksimuma çatdırmaq üçün müraciət edənlərlə əməkdaşlıq edəcək.
Artıq bu qaydadan faydalanmaq istəyənlər bir ay ərzində məhkumluq arayışı üçün müraciət etməlidirlər. Əgər sənəd əldə olunmazsa, Prezidentlik Nazirliyi diplomatik yollarla bu sənədi üç ay ərzində tələb edə bilər.
Əcnəbilər müraciətlərini bu cümədən etibarən 30 iyun 2026-cı il tarixinədək sosial təminat ofisləri, poçt və əcnəbilər büroları vasitəsilə edə biləcəklər. Məhkumluq arayışı ilə yanaşı, 1 yanvar 2026-dan əvvəl İspaniyaya gəldiklərini, ölkədə ən azı beş ay fasiləsiz qaldıqlarını və “ictimai təhlükəsizlik üçün risk yaratmadıqlarını” sübut etməlidirlər. Bundan əlavə, aşağıdakı üç şərtdən ən az biri tələb olunur: İspaniyada iş əlaqəsinə sahib olmaq, azyaşlı uşaqlarla və ya baxıma ehtiyacı olan şəxslərlə ailəvi şəkildə ölkədə yaşamaq və ya həssas vəziyyətdə olmaq.
Lakin məhkumluq arayışının əldə edilməsi bu prosesdə ən böyük çətinliklərdən biridir. Buna görə də elan edildiyi andan etibarən konsulluqlar qarşısında uzun növbələr yaranıb. İlk layihədə hökumət yalnız arayış üçün müraciət edildiyini göstərən sənədi və şəxsin məhkumluğunun olmadığını bildirən bəyanatı kifayət hesab edirdi. Lakin Şura Dövlətinin rəyindən sonra bu artıq yetərli sayılmır.
Buna baxmayaraq, faydalananların sayını azaltmamaq üçün sənədin təqdim olunma müddəti uzadılıb və hökumət miqrantlarla əməkdaşlıq edəcək. Əgər müraciətdən bir ay sonra da arayış əldə olunmazsa, Prezidentlik Nazirliyi diplomatik yollarla sənədi tələb edəcək və əlavə üç ay müddət veriləcək. Bundan sonra da alınmasa, 15 günlük əlavə vaxt tanınacaq, lakin yenə də sənəd əldə olunmazsa şəxs bu prosesdən yararlana bilməyəcək.
Digər tərəfdən, ilkin layihələrdə beynəlxalq müdafiə üçün müraciət edən şəxslərlə bağlı qeyri-müəyyənliklər var idi və onlardan müraciətlərini geri götürmələri tələb olunurdu. Son dəyişikliklə bu şərt aradan qaldırılıb.
İspaniya hökuməti yanvarın 26-da Podemoss ilə razılaşdırılmış bu təşəbbüsü təsdiqləyəcək. Lakin qərar tənqidlərə də səbəb olub. Şura Dövlətinin metində struktur və sistematik çatışmazlıqlarla bağlı iradları da bunlar arasındadır.
Təxminlərə görə, bu qərardan təxminən 500 min qeyri-qanuni miqrant faydalana bilər. Bəzi analizlər isə bu rəqəmin 870 minə qədər yüksələ biləcəyini göstərir. Hökumət isə bu proqramı həm “etik məsələ”, həm də ölkənin üzləşdiyi “demoqrafik qış” probleminə iqtisadi həll kimi qiymətləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB