Yaponiyanın büdcəsi tələb olunmayan miraslar səbəbindən artırılıb...

Ölkədə tərk edilmiş evlərin sayı da artmaqdadır...

...2024-cü ildə Yaponiya hökuməti təxminən 833 milyon dollar məbləğində tələb olunmamış miras alıb.

SİA xəbər verir ki, bu barədə The Japan Times qəzeti Ali Məhkəmənin məlumatlarına istinadən məlumat verib.

Bu, qeydiyyatın aparılmasının başlanmasından bəri rekord göstəricidir və təxminən 212 milyon dolların qeydə alındığı 2013-cü ildən təxminən dörd dəfə çoxdur.

Mütəxəssislər qeyd edirlər ki, artan məbləğ iki tendensiya ilə bağlıdır: əhalinin sürətlə qocalması və ömrünün sonuna qədər yaxın qohumları olmadan yaşayan insanların sayının artması...

Qeyd edək ki, ölkə əhalisi 2009-cu ildən bəri azalır və Yaponiya Tədqiqat İnstitutunun (JRI) hesablamalarına görə, subay və ailəsiz yaşlı insanların nisbəti artmaqda davam edir. Miyake & Partners hüquq firmasının tərəfdaşı Koji Nambu bildirib ki, ölüm hallarının artması səbəbindən tələb olunmamış aktivlərin sayı arta bilər - hökumət məlumatlarına görə, 2023-cü ildə bu rəqəm təxminən 1,6 milyon olub.

O qeyd edib ki, Yaponiyada vəsiyyətnamə hazırlığının aşağı səviyyəsi də vəziyyətə təsir göstərir.

Ən nəzərə çarpan nəticələrdən biri akiya - tərk edilmiş evlərin çoxalmasıdır.

Təxminən doqquz milyon belə əmlak boşdur, çünki onları miras alacaq heç kim yoxdur və ya qohumlar əmlakın saxlanması ilə bağlı maliyyə məsuliyyətlərini öz üzərinə götürmək istəmirlər.

...JRI-nin baş tədqiqatçı müavini Makiko Okamoto izah edib ki, evlilik nisbətlərinin azalması və ailə əlaqələrinin zəifləməsi birbaşa varisləri olmayan yaşlı insanların sayının artmasına səbəb olur.

Onun sözlərinə görə, onların çoxunun daimi qayğıya ehtiyacı var və ailə dəstəyi çox vaxt yeganə mövcud dəstəkdir.

O, yaxın qohumları olmayan insanların əmlaklarının idarə olunmasını və son istəklərinin yerinə yetirilməsini kimə həvalə edəcəklərini əvvəlcədən müəyyən etmələrinin vacibliyini vurğulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə