Rusiya Dövlət Nüvə Enerji Korporasiyası (Rosatom) ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalara baxmayaraq beynəlxalq fəaliyyətini davam etdirəcək.
SİA-nın məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin suallarını cavablandırarkən bildirib. O, ABŞ-ın Rusiyanın enerji sektoruna qarşı tətbiq etdiyi sanksiyaları tənqid edərək "Müasir dünyada enerji tədarük yollarının bu cür kəsilə bilməyəcəyi dəfələrlə sübut olunub" deyə vurğulayıb.
Rusiya hökumətinin sanksiyaların təsirini minimuma endirmək üçün alternativlər üzərində çalışdığını qeyd edən Peskov "Bir yerdə nəsə dayandırılırsa, başqa bir yerdə alternativ seçimlər meydana çıxır. Lakin bu cür qərarlar beynəlxalq enerji bazarlarında müəyyən səviyyədə qeyri-sabitliyə səbəb olur" ifadəsini işlədib. Mətbuat katibi “Rosatom”un beynəlxalq nüvə enerji sektorunda lider mövqeyə sahib olduğunu xatırladaraq "“Rosatom”un beynəlxalq fəaliyyətinə davam edəcəyini gözləyirik" deyə əlavə edib.
Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında mümkün bir görüşdən də danışan Peskov bir çox ölkənin bu görüşə ev sahibliyi etmək üçün təklif verdiyini bildirib. "Bu barədə danışmaq üçün hələ çox tezdir. Hazırda ciddi bir hazırlıq görülmür. Ancaq belə bir görüşün lazım və məqsədəuyğun olduğuna dair anlayış və siyasi iradə ifadə olunub" deyə Dmitri Peskov vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə