Əlcəzairdə Qaz İxrac Edən Ölkələr Forumunun 7-ci Sammiti işə başlayıb

Əlcəzairdə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 7-ci Sammiti işə başlayıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, açılış nitqində Əlcəzair Prezidenti Abdelmacid Tebbun forumun müasir çağırışların həllində, davamlı inkişafa nail olunmasında və enerjiyə artan qlobal tələbatın ödənilməsində mühüm rolunu vurğulayıb.

Tebbun forumda aparılacaq müzakirələrin uzunmüddətli müqavilələri, ədalətli qiymət mexanizmlərini və qaz sektoruna əhəmiyyətli investisiyaları dəstəkləyəcəyinə əminliyini bildirib.

Foruma Qətər, İraq, Mavritaniya, Tunis, İran, Seneqal, Mozambik, Boliviya və Liviyadan yüksək vəzifəli rəsmilər və şirkət rəhbərləri qatılıb.

Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətər dövlətinin paytaxtı Doha şəhərində yerləşir. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 7 müşahidəçi (Qazaxıstan, Hollandiya, Norveç, İraq, Oman, Peru və Azərbaycan) üzvü var.

Foruma üzv ölkələrdə dünyanın qaz ehtiyatlarının 70 faizi, boru kəmərləri ilə ticarətin 35 faizi, LNG istehsalının isə 85 faizi cəmləşir.

Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və səmərəli inkişafın təmin edilməsi və qaz ehtiyatlarının xalqların rifahı naminə qorunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə