Türkiyə Avropaya reaksiya verdi

Fransanın Strasburq şəhərində separatçı terror təşkilatı PKK ilə əlaqədə olan şəxslər Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) binasına daxil olublar.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, PKK tərəfdarları AİHM qarşısında Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

Türkiyə hadisəyə sərt reaksiya verib. Xarici İşlər Nazirliyindən verilən açıqlamada “PKK ilə əlaqədə olan qruplar xüsusilə Avropada getdikcə daha çox zorakılıq tətbiq etməyə və müxtəlif beynəlxalq təşkilatların binalarına zorla girərək terror təbliğatı aparmağa cəsarət edir”, - deyə bildirilib.

Avropa ölkələrinə də reaksiya verilən açıqlamada “PKK-nın xüsusilə Avropa ölkələrində ifadə və nümayiş azadlığı adı altında təbliğat da daxil olmaqla fəaliyyətini sərbəst şəkildə həyata keçirməsinə icazə verilməsi təşkilatı bu cür qanunsuz və təcavüzkar hərəkətlərə sövq edir” deyilib.

Türkiyenin Avropa Şurası binası qarşısındakı nümayiş və aksiyalarla bağlı xəbərdarlıqları xatırladılan açıqlamada qeyd olunub ki, PKK terror təşkilatının Avropadakı təbliğatına, maliyyələşdirilməsinə və işə cəlb edilməsinə son qoymaq çağırışımızı bir daha təkrar edirik.

Ədliyyə naziri Yılmaz Tunç sosial media hesabından verdiyi açıqlamada terror təbliğatının qarşısının alınmamasını qalmaqal kimi qiymətləndirib və deyib ki, beynəlxalq təşkilatlar, xüsusilə də Avropa İttifaqı tərəfindən terror təşkilatı sayılan PKK-nın təbliğatına icazə verilməsi qanunsuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə