Haaqada cinayətlərin təqibi mərkəzi açılır

Haaqada cinayətlərin təqibi mərkəzi açılır

Aİ, ABŞ və Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) dəstəyi ilə Haaqada Ukraynada törədilmiş cinayətlərin təqibi üzrə mərkəz açılıb. SİA “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Ursula von der Leyen mərkəzin məqsədinin cinsi zorakılıq, uşaqların qaçırılması və mülki şəxslərin qaçqın olması kimi ağlasığmaz dəhşətlərdə iştirak edənləri məsuliyyətə cəlb etmək olduğunu deyib.

Avropa Komissiyasının prezidenti qeyd edib: “Biz Vladimir Putini və onun əlaltılarını məsuliyyətə cəlb etmək üçün hər bir daşın altına baxacayıq”.

BCM artıq Putini Ukraynadan uşaqların oğurlanmasına görə şəxsi məsuliyyətdə ittiham edərək Putinin həbsinə sərəncam verib. Təcavüz Cinayətlərinin Təqibi üzrə Beynəlxalq Mərkəzin (ICPCA) yaradılması müharibə bitməzdən əvvəl məlumatların toplanması, qurbanlarla müsahibələrin aparılması və sübut fayllarının yaradılması ehtiyacından irəli gəlib. Bir qrup ekspert və biri ABŞ-dan ezam olunmuş dörd prokuror həm beynəlxalq, həm də yerli prokurorlara cinayətkarları tutmağa kömək etmək üçün sübut toplamaq və iş strategiyaları qurmaq vəzifəsi ilə işə başlayıb.

Aİ-nin ədliyyə komissarı Didier Reynders, mərkəzin bu müharibənin günahkarlarının cəzasız qalmamasını təmin edəcəyini söyləyib. Ukraynanın baş prokuroru Andrey Kostin jurnalistlərə bildirib ki, mərkəz Rusiya hərbi və siyasi liderlərinə qarşı mümkün işlərə dair sübutlar toplayacaq.

ICPCA - məhkəmə tarixində bu formada ilk platformadır. Bu günə qədər Ukrayna, Litva, Latviya, Estoniya, Polşa, Slovakiya və Rumıniyadakı cinayət təqibi qruplarından ibarət birgə istintaq qrupu fəaliyyət göstərəcəkdir.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə