Ata türməyə, onun 12 yaşlı qızı isə “yetimlər evi”nə göndərildi

Deməli, SİA o günkü mövzunu davam etdirir...

Beləliklə, bu günlərdə Belarus Daxili İşlər Nazirliyi rusiyalı Aleksey Moskalevin Minskdə saxlanıldığını təsdiqləyib. Belarus polisinin etirafına görə, bunu Moskvanın tələbi ilə etdiyi bildirilir.

Qeyd edək ki, Rusiyada Moskalev silahlı qüvvələri gözdən salmaq maddəsi ilə iki il müddətinə azadlıqdan məhrum edilib.

Onun 12 yaşlı qızının müharibə əleyhinə çəkdiyi rəsm barədə polisə məlumat verildikdən sonra, ataya qarşı, onun belə bir qız böyütdüyünə görə cinayət işi açılıb.

Hazırda anasız, atasının himayəsində böyüyən 12 yaşlı qız uşaq evinə göndərilib

...Uşağı tək böyüdən Aleksey Moskalev isə valideyn hüquqlarından məhrum ediləcək.

Bir daha xatırladım: Deməli ötən ilin yazında Maşa Moskaleva rəsm dərsində Ukrayna bayrağının önündə dayanaraq körpəsini bağrına basaraq Rusiyadan uçan raketlərdən qorumağa çalışan ukraynalı qadının şəklini çəkmişdi.

Bunu görən rəsm müəllimi bu barədə məktəb direktoruna, məktəb direktoru polisə, polis isə daha yüksək instansiyalara məlumat verərək “təhlükəli casus” aşkar etdiklərini bəyan etmişdilər.

Elə həmən gün Moskalevlərin mənzilində axtarış aparılır.

Və axtarışları onları əsl “casus” izinə düşdüklərinə şübhə yeri qoymur.

Belə ki, polis qızın atası Alekseyin sosial şəbəkələrində Ukraynanı dəstəkləyən şərhlərinə, həmçinin Rusiya prezidenti Vladimir Putinin karikaturalarına rast gəlib.

Bundan sonra Aleksey Moskalevə qarşı ilk olaraq İnzibati Məcəllənin Rusiya ordusunu gözdən salan maddəsi ilə protokol tərtib edilib, 32 min rubl cərimə edilib, sonra isə həmin maddə ilə cinayət işi açılıb.

Xatırladaq ki, bu gün Rusiya Ordusunun gözdən salınması, bu barədə yalan məlumatların yayılması ilə bağlı məqalə parlament tərəfindən təcili olaraq qəbul edilib və fevralda Ukraynaya edilən işğaldan sonra prezident tərəfindən imzalanıb.

Hazırda Rusiya məhkəmələri hər hansı anti-müharibə çıxışlarını və ya rus qoşunlarının müharibə cinayətlərində iştirakı ilə bağlı xəbərləri nüfuzdan salan kimi tanıyır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə