Əli Abbasov: “İntellektual mülkiyyətinin qorunması əsas şərtlərdəndir” Açıqlama

Əli Abbasov: “İntellektual mülkiyyətinin qorunması əsas şərtlərdəndir” Açıqlama

"Qurultayda müzakirə olunacaq məsələlər, buradan çıxacaq yeni ideyalar, qərarlar ölkənin elmi-texniki inkişaf strategiyasının əsasını təşkil etməklə bərabər, bütövlükdə ölkə iqtisadiyyatının gələcək inkişafı üçün çox əhəmiyyəlidir". SİA-nın məlumatına görə, bu sözləri bu gün AMEA-da keçirilən Azərbaycan Alimlərinin I Qurultayında "İnnovativ inkişaf: müasir baxışlar" mövzusunda çıxış edən Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov deyib. O, Azərbaycan alimlərinin ölkə iqtisadiyyatının müxtəlif sektorlarında birbaşa tətbiq oluna biləcək bir çox elmi nailiyyətlər əldə etdiyini vurğulayıb: "Ümumdünya İqtisadi Forumun hesabatlarına görə son 10 ildə dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatına daxil olmuş, iqtisadiyyatın rəqabət qabiliyyətliyinə görə dünyada 38-ci yeri tutması, İKT-nin inkişafına görə 49-cu yer, hökumətin İKT-nin gələcək inkişafına yanaşmasına görə 6-cı və ümumiyyətlə makroiqtisadi sabitliyə görə əldə olunan nailiyyətlər buna misal ola bilər. Ancaq bizim ən böyük məqsədimiz iqtisadiyyatımızın neftdən asılılığını minimuma endirməkdir. Dövlət başçısının müvafiq Sərəncamı ilə qəbul olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gələcək 8-10 ildə ÜDM-in qeyri neft sektorunun hesabına 2 dəfə artırılması əsas məqsəd kimi təyin olunmuşdur".

Akademik Əli Abbasov innovativ inkişafdan danışarkən intellektual səviyyəli insanların biliklərindən maksimum istifadə edilməsinin zəruriliyini qeyd edib: "İnnovativ inkişaf siyasəti "qızıl üçbucaq" adlandırdığımız üç sütunun üzərində qurulur: insan resursu, əlverişli mühit və kapital (maliyyə resursları). Eyni zamanda, qlobal rəqabət şəraitində respublikanın insan potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafının təmini baxımından son dərəcə zəruridir. İKT, nanotexnologiyalar, kosmik, mikroelektronika, nüvə, biotexnologiyalar və digər elmi-tutumlu sahələr üzrə kadr hazırlığı prioritet istiqamətlər hesab olunur".

Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov məruzəsinin sonunda bildirib ki, elmin inkişafı, onun səmərəliliyinin artırılması bir çox faktorlardan asılıdır: "Elmin inkişafı üçün onun maddi texniki və informasiya bazasının gücləndirilməsi, gənc alim və mütəxəssislərə dəstək, onların xaricidə tanınmış elmi məktəblərdə təcrübə keçməsi, birgə tədqiqatların aparılması və intellektual mülkiyyətinin qorunması da əsas şərtlərdəndir. Ölkəmizdə ilk dəfə keçirilən bu qurultay elmin inkişafı ilə bağlı məsələlərin müzakirəsi, yeni fikirlərin ortaya çıxması və ən başlıcası elmin gələcək inkişafı üçün yeni yol xəritəsinin müəyyən olunması üçün yaxşı bir platformadır".

Bütün xəbərlər Facebook səhifəmizdə