Suqovuşanda keçirilən "Mingəçevir reqatası" barədə qazilərin fikirləri - SORĞU

Suqovuşanda keçirilən "Mingəçevir reqatası" barədə qazilərin fikirləri - SORĞU

Avarçəkmə üzrə "Mingəçevir reqatası-2022" beynəlxalq yarışının açılış mərasimi Qarabağımızın dilbər guşələrindən biri olan Suqovuşanda keçirilib. Bu yarış işğaldan azad olunan ərazilərimizdə, Suqovuşanda keçirilən ikinci beynəlxalq yarışdır. "Mingəçevir reqatası"nda Azərbaycan komandası ilə yanaşı 15 ölkə, 150 nəfər idmançı iştirak edir. Mövzu ilə əlaqədar olaraq SİA Suqovuşanda keçirilən Avarçəkmə üzrə "Mingəçevir reqatası"-nın açılış mərasimində iştirak edən Vətən müharibəsi iştirakçıları arasında sorğu keçirib.

Vətən müharibəsi iştirakçısı İlham Sarıyev: "Bu gün hər birimiz çox sevinirik ki, Suqovuşan azad olunandan sonra burada bu cür yarışlar keçirilir. Allah şəhidlərimizə rəhmət eləsin. Bizim özümüz də məhz Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişik. Azərbaycanın hər bir torpağı bizə əzizdir. Qarabağ Azərbaycandır!"

Vətən müharibəsi iştirakçısı Əhməd Məhəmmədli: "30 il ərzində işğal altında qalan torpaqlarımızda bu gün bu cür tədbirlərin keçirilməsi çox möhtəşəmdir. Bu torpaqların hər birinin alınmasında Azərbaycan igidlərinin əziyyəti əvəzsizdir. Biz bugünkü gün rahat və firavan şəkildə yaşadığımıza görə şəhidlərimizə borcluyuq. Rəhbərliyə öz minnətdarlığımızı bildiririk ki, bizi də bu torpaqlara gətirib, belə yarışlara şahid olmağımıza şərait yaradırlar".

Vətən müharibəsi iştirakçısı Ümid Müzəffərli: "Biz burada olduğumuz üçün çox böyük qürur hissi keçirdirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Suqovuşan Azərbaycanın dilbər guşələrindən biridir. Özümdə məhz Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib, burada yaralanmışam".

Vətən müharibəsi iştirakçısı Mahir Qasımov: "İşğaldan azad olunmuş ərazilərimizdə, Suqovuşanda belə beynəlxalq yarışların keçirilməsi çox gözəl addımdır. Bu cür tədbirlər sayəsində bütün dünya ölkələri bizim necə gözəl torpaqlarımızın olduğuna şahid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Vətən müharibəsi iştirakçısı Elvin Fərəcli: "Mən düşünürəm ki, hər bir azərbaycanlı bu gün çox sevinclidir. Çünki Qarabağ torpaqları hər birimizin döyünən ürəyidir. Bu torpaqlarımızın azadlığı uğrunda öz canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Var olsun Azərbaycan xalqı. Qarabağ Azərbaycandır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə