“Fənərbaxça” "Qalatasaray"a qalib gəlib

“Fənərbaxça” "Qalatasaray"a qalib gəlib

Türkiyə Super Liqasında XIII turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, günün son matçında möhtəşəm derbi baş tutub.

Əzəli rəqiblər “Qalatasaray”la “Fənərbaxça” birincilərin meydanında üz-üzə gəlib. İstanbul nəhənglərinin mövsümə qeyri-stabil başlaması və turnir cədvəlində qonşu olması 394-cü duelin əhəmiyyətini daha da artırırdı.

“Nef” stadionunda 50 mindən çox azarkeşin izlədiyi görüşün birinci hissəsində komandalar hərəyə bir dəfə fərqlənib. Əvvəlcə Kerem Aktürkoğlu 16-cı dəqiqədə “cim-bom”u önə keçirib. Lakin 31-ci dəqiqədə Mesut Özil status-kvonu bərpa edib. 83-cü dəqiqədə “Fənərbaxça” azlıqda qalıb. Müdafiəçi Marsel Tisserand ikinci sarı vərəqə ilə meydandan qovulub. Lakin Fatih Terimin yetirmələri say üstünlüyündən yararlana bilməyib. Əksinə, qonaqlar 90+4-cü dəqiqədə Migel Kresponun qolu sayəsində səfərdə 2:1 hesablı qələbə qazanıb.

İkinci qoldan sonra baş hakimə kəskin etiraza görə, ev sahiblərinin baş məşqçisi Fatih Terim qırmızı vərəqə alaraq, texniki zonadan qovulub.

İstanbul derbisi tarixində 147-ci qələbəsini qazanan “Fənərbaxça”, eyni zamanda uzunmüddətli həsrətə son qoyub. Komanda 2017-ci ilin aprelindən – yəni 4 il 7 aylıq fasilədən sonra ilk qalibiyyətinə sevinib. Buna qədər baş tutan son 8 oyunun 2-də “aslan” qalib gəlmiş, 6 heç-heçə qeydə alınmışdı.

Qeyd edək ki, hazırda “Fənərbaxça” 23 xalla turnir cədvəlinin 5-ci, “Qalatasaray” isə 21 xalla 8-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə