Bayramov finalda, üç güləşçimuz yarımfinalda uduzdu - Güləş üzrə Avropa çempionatı

Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürüb.

SİA xəbər verir ki, yarışda öncə sərbəst güləşçilər mübarizəyə qoşulub. İlk yarış günündə Azərbaycanın 5 təmsilçisi xalça üzərinə çıxıb. Digər çəkidə güləşənlər isə növbəti gün yarışa başlayacaq. Bu gün güləşçilərdən birinin ilk görüşü 1/16 finala, dördününkü isə 1/8 finala təsadüf edib.

57 kq

1/8 final: Əfqan Xaşalov ilk görüşündə Yannis Martidisi (Yunanıstan) 10:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib. İkinci sınağında Rumıniya təmsilçisi ilə qarşılaşan idmançımız gərgin görüşdən qalib ayrımağı bacarıb və adını yarımfinala yazdırıb. Amma Əfqan rusiyalı Naçın Monquşla görüşdə uduzaraq, finala çıxa bilməyib. O, sabah bürünc medal uğrunda görüşə çıxacaq.


65 kq

1/8 final: Əli Rəhimzadə erməni Gevorq Tadevosyanla görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb. İdmançıımız ikinci sınağından da qalib ayrılıb. O, bu dəfə Gürcüstan güləşçisini 9:4 hesabı ilə məğlub edərək, yarımfinala çıxıb. Bu mərhələdə Rusiya güləşçisi ilə görüş maraqlı alınıb. Rəhimzadə hesabda 4:0 öndə olsa da, ikinci hissədə təşəbbüsü əldən verərək, uduzub - 5:8. Bununla belə, Əli sabah üçüncü yer uğrunda qüvvəsini sınayacaq.

70 kq

1/8 final: Turan Bayramov ilk sınağında Nikolae Koyokarunu (Böyük Britaniya) 10:0 hesabı ilə məğlub edib. Yarımfinal gedən yolda isə Turan türkiyəli idmançıdan güclü olub. Bu mərhələdə ukraynalı İqor Nikiforuku 5:0 hesabı ilə üstələyən Bayramov finala vəsiqə qazanıb. O, sabah qızıl medal uğrunda yarışacaq. Turanın rəqibi rusiyalı İsrail Kasumov olacaq.

79 kq

1/16 final: Rəşad Yusifli də yarışa uğurla başlayıb. İdmançımız öncə Andrey Sokalski (Polşa) 9:0, ardından Oktay Hasan (Bolqarıstan) üzərində 3:0 hesablı qələbə sayəsində 1/4 finala adlayıb. Burada Andrey Karpaçdan (Belarus) güclü olan güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda Fransa təmsilçisi Sayfedin Alexma ilə dueldən məğlub ayrılan güləşçimiz sabah bürünc medal görüşünə çıxacaq. O, Osman Haydari (Albaniya) - Alans Amirovs (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

97 kq

1/8 final: Şamil Zubairov mübarizə aparmadan 1/8 finala yüksəlib. Onun rumıniyalı rəqibi Albert Saritov xalça üzərinə çıxmayıb. Şamil növbəti görüşdə türkiyəli idmançıya 4:6 hesabı ilə uduzub.

Qeyd edək ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatına aprelin 25-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə