"Barselona" İspaniya Kubokunun tarixinə düşdü

"Barselona" klubu İspaniya Kubokunda yeni rekorda imza atıb. SİA xəbər verir ki, Kataloniya təmsilçisi turnirin 119 illik tarixində 13 mövsüm ərzində 10 dəfə finala yüksələn ilk komanda olub.

Ronald Kumanın baş məşqçi olduğu komanda buna yarımfinalın cavab görüşündə "Sevilya"nı əlavə vaxtda 3:0 hesabı ilə məğlub etməklə nail olub. İlk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan "Barselona" adını finala yazdıra bilib.

Qeyd edək ki, "Barselona" finalda "Levante" - "Atletik" cütünün qalibi ilə üz-üzə gələcək. Həmin qarşılaşma bu gün Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Komandalar arasındakı ilk görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə