Ümumdünya Şahmat Olimpiadası təxirə salınıb

Naxçıvanda keçirilməsi planlaşdırılan yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası koronavirus pandemiyasına görə təxirə salınıb. Azərbaycan Şahmat Federasiyasından SİA-ya verilən məlumata görə, yarışın 2021-ci ildə təşkil olunması qərara alınıb.

Beynəlxalq Şahmat Federasiyasının qərarına əsasən, 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası bu il oktyabrın 2-dən 12-dək Naxçıvanda keçirilməli idi. Turnirin dəqiq tarixi barədə məlumat veriləcək.

Xatırladaq ki, ötən il Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Milli komanda 16 xal toplayaraq 37 ölkənin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub.

Koronavirus pandemiyası ilə əlaqədar Olimpiadadan başqa, Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess 2020” superturniri də təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...