“LAND OF FİRE” komandası “Qar Polosu Ürə Dünya Kubokunda” ölkəmizi təmsil edəcək

24-26 yanvar 2020-ci il tarixlərdə İsveçrənin Sankt Moritz şəhərində artıq ənənə halını almış "Qar Polosu üzrə Dünya Kuboku" turniri keçiriləcəkdir. SİA-nın məlumatına görə, 36-cı dəfə təşkil olunan turnirdə dünyanın seçilmiş ən güclü polo komandaları iştirak edir.

Heydər Əliyev Fondunun xüsusi dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə turnirdə ölkəmizi hər il olduğu kimi bu il də "Land of Fire" komandası təmsil edir. Qeyd edilməlidir ki, İsveçrənin ən məşhur qış kurortlarından biri olan Sankt Moritz şəhərində ənənəvi olaraq təşkil olunan bu dünya kuboku turniri son illər ərzində həm də milli mədəniyyətimizin, qədim tariximizin, müasir inkişafımızın və milli atçılıq ənənələrimizin təbliği, ölkəmizin turizm potensialının tanıdılması üçün də xüsusilə əlamətdar olub.

2015-ci ildə Arena Polo üzrə birinci Avropa Çempionatı və 2013, 2014 və 2016-cı illərdə Arena Polo üzrə Dünya Kuboku Bakıda keçirilib və Azərbaycan Milli komandası Avropa Çempionatında qızıl medala layiq görülüb. Bundan əlavə 2018-ci ildə İtaliyanın Siyene şəhərində keçirilmiş Polo üzrə Avropa çempionatında Azərbaycan milli yığması finala yüksəlmiş və turnirdə 2-ci yer tutmuşdur.

Eyni zamanda 2020-ci ildə Beynəlxalq Polo Federasiyası tərəfindən keçiriləcək növbəti Polo üzrə Avropa çempionatı Bakı şəhərində təşkil olunacaqdır. 2019-cu ildə Qar Polosu üzrə Dünya Kuboku turnirində üç oyundan ikisində qalib gələrək turnirin 3-cüsü olmuş "Land of Fire" adlı komandamız bu ilki turnirdə qalibi olmaq üçün mübarizə aparmaq əzmindədir. 3 gün davam edəcək turnirdə "Land of Fire" komandası ilə yanaşı "Mazerati", "Badrutt’s Palace Hotel" və "Grisogono" komandaları mübarizə aparacaqlar. Turnir öncəsi, 23 yanvar tarixində ilkin olaraq komandalar test oyunu keçirəcəklər. Bunun ardınca isə komandaların, oyunçuların və sponsorların rəsmi təqdimat mərasimi baş tutacaq. Turnirin ilk oyunu 24 yanvar tarixində Bakı vaxtı ilə saat 15:00-da təmsilçimiz "Land of Fire" və "Badrutt’s Palace Hotel" komandaları arasında keçiriləcəkdir.

Günün ikinci oyununda "Grisogono" və "Mazerati" komandaları qarşı- qarşıya gələcəklər. 25 yanvar tarixində komandamızın "Grisogono" komandası ilə görüşü nəzərdə tutulmuşdur.

Turnirin son günündə üçüncülük uğrunda görüş və final görüşü keçiriləcəkdir. Final oyunundan sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...