AMİF-in təqdimat mərasimi keçirilib - FOTO

AMİF-in təqdimat mərasimi keçirilib - FOTO

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) akt zalında yeni, yaradılmış Azərbaycan Məktəb İdmanları Federasiyasının (AMİF) təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, təhsil nazirinin müavini Firidun Qurbanov, millət vəkili, Azərbaycan Məktəb İdmanı Federasiyasının prezidenti Sevinc Hüseynova, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov, AFFA-nın baş katibi Elxan Məmmədov və digər rəsmilər iştirak ediblər.

AMİF-in prezidenti S.Hüseynova ölkəmizdə idmanın inkişafından danışıb. O, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətinin bu gün uğurla həyata keçirildiyini vurğulayıb. Federasiya prezidenti idmanın məktəblərdə də geniş tətbiq edilməsinin vacibliyini qeyd edib: "Elə bu səbəbdən də AMİF yaradıldı. 2017-ci ildə Azərbaycan Məktəb İdmanları Federasiyası təsis olunub və Ədliyə Nazirliyində dövlət qeydiyyatından keçib. Beynəlxalq Federasiyasının tərkibində 43 idman növü cəmləşdirilir. Azərbaycanda isə 10-dan artıq idman növü AMİF-in proqramına daxildir. Təşkilati məsələlər müəyyən vaxt aparıb. Bizə Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyindən böyük dəstək göstərilib".

Sonra qonaqlara Beynəlxalq Məktəb İdmanları Federasiyası (BMİF) haqqında məlumatı özündə əks etdirən videoçarx nümayiş etdirilib. Bildirilib ki, BMİF beynəlxalq rəhbər orqandır və 1972-ci ildə 21 Avropa ölkəsinin imzası ilə təsis edilib. Təşkilatın əsas məqsədi məktəblərdə yeniyetmələr arasında idmanın və sağlam həyat tərzinin aşılanması üçün beynəlxalq yarışların təşkil edilməsidir. BMİF-də 5 qitədən 90 üzv dövlət var. Təşkilat eyni zamanda Sport Accordun üzvüdür və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınır. Təşkilatın mərkəzi ofisi Belçikanın Antverpen şəhərində yerləşir. Azərbaycan 2016-cı il ‪11-15 may‬ tarixlərində Beynəlxalq Federasiyanın Türkiyənin Marmaris şəhərində təşkil olunan baş assambleyasında üzvlüyə qəbul olunub. Beynəlxalq Federasiyanın üzvü olaraq 29 ‪may-5‬ iyun 2016-cı il tarixlərində Fransanın Lill və Lens şəhərlərində təşkil edilən Euro-2016 futbol üzrə məktəblilərin çempiontında Bakının 163 saylı orta məktəbinin şagirdləri iştirak ediblər. 11-18 iyul 2016-cı il tarixlərində Türkiyənin Trabzon şəhərində keçirilən XVI Yay Gimnaziada Oyunlarında cüdo idman növü üzrə nümayəndəmiz öz istedad və bacarığını yüksək səviyyədə nümayiş etdirə bilib. 2017-ci ildə Azərbaycan Məktəb İdmanları Federasiyası təsis olunub və Ədliyə Nazirliyində dövlət qeydiyyatından keçib. Azərbaycan 2018-ci ildə keçiriləcək Gimnaziada Oyunlarına Beynəlxalq Federasiyanın üzvü kimi qatılacaq.

Nazir A.Rəhimov çıxış edərək bildirib ki, AMİF Azərbaycanda yaradılan 84-cü idman federasiyasıdır. O, federasiya yaradılandan sonra böyük işlər görüldüyünü vurğulayıb: "Qarşıda böyük beynəlxalq yarışlar var. Bizim məktəblilərimiz bu yarışlarda iştirak ediblər və bundandan sonra AMİF vasitəsilə daha çox iştirak edəcəklər və uğurlar qazanacaqlar. İdmançılarımız məktəb yaşlarından formalaşmağa başlayır. Bu federasiya həm məktəblilərimizin sağlam həyat tərzi, həm də gələcək idmançılarımızın yetişməsi üçün vacibdir. Federasiyasının işinə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və digər qurumlarımız böyük dəstək göstərəcək. AMİF-ə uğurlar arzulayıram".

MOK-un vitse-prezidenti Ç.Hüseynzadə vurğulayıb ki, heç bir böyük idman məktəb idmanı olmadan inkişaf edə bilməz: "Azərbaycanda məktəblərdə Olimpiya Hərəkatı layihəsi həyəta keçirilir. Bu layihədə minlərlə şagird iştirak edir. AMİF-in yaradılması da şagirdlər arasında idmanın daha da inkişafına təkan verəcək. Federasiyasının tərtib etdiyi kş planları digər federasiyalara da bildirilməlidir ki, onlar da qarşıdakı mötəbər yarışlara hazırlaşa bilsinlər. Yeganə amalımız yeniyetmələr və gənclər.sağıam olsunlar və məktəblərdə idman dərsləri yüksək səviyyədə keçirilsin. MOK dahər zaman öz dəstəyini göstərməyə hazırıdır".

Təhsil nazirinin müavini F.Qurbanov AMİF-in yaradılmasının ölkə həyatında mühüm ictimai hadisə olduğunu qeyd edib. O, Azərbaycanda idmana göstərilən diqqət bə qayğıdan danışıb. Nazir müavini AMİF-in uğurla fəaliyyət göstərəcəyinə əminliyini bildirib.

Milli Məclsisin komitə sədri F.Muradov AMİF-ə və federasiyasının prezidenti S.Hüseynovaya müvəqqətiyyətlər arzulayıb. O, federasiyanın yaradılmasının önəmli olduğunu, ancaq qurumun fəaliyyətinin uğurla aparılmasının daha önəmli olduğunu vurğulayıb. Deputat qanunvericilik sahəsində, hüquqi baza ilə bağlı çatışmazlıqlarda Milli Məclisin Gənclər və İdman Komitəsinin dəstək göstərməyə hazır olduğunu deyib.

"Biz bu məsələlərin həm paytaxtda, həm də regionlarda təşkil edilməsinə ciddi yanaşmalıyıq. Yarışların çoxunun isə regionlardakı Olimpiya İdman Komplekslərindən istifadə edilərək bölgələrdə keçirilməsi daha yaxşı olar. Təhlükəsizliyə isə xüsusi diqqət ayrılmalıdır", - deyə millət vəkili əlavə edib.

Sonra isə tədbirin digər iştirakçıları çıxış edərək fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə