Dünya çempionatının gümüş mükafatçısı Azərbaycan millisinə cəlb olunub

Dünya çempionatının gümüş mükafatçısı Azərbaycan millisinə cəlb olunub

2010-cu ildən etibarən dünya çempionatlarında Azərbaycanın akademik avarçəkənləri də yüksək nəticələr göstərməyə başlayıblar. 22 – 25 iyulda Belarusun Brest şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatında Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla yürüşdə gümüş medal qazanıb. Cavid Əfəndiyev – İqor Xmara dueti 2 nəfərlik yüngül çəkili qoşa avarlı qayıqla yürüşdə əsas finala yüksəldi və 6-cı yeri tutub. Yeganə qız təmsilçimiz İskra Angelova isə 1 nəfərlik qayıqla yürüşdə 14-cü olub.
5 – 8 avqustda Çexiyanın Raçitse şəhərində yeniyetmə akademik avarçəkənlər arasında təşkil olunmuş dünya çempionatında Aleksandr Qlotov – Radoslav Drenovski dueti 2 nəfərlik sükansız qayıqla yürüşdə bürünc medala layiq görülüb. Toni Boteva isə qızların mübarizəsində 1 nəfərlik qayıqla yürüşdə əsas finala yüksəlib və yekun nəticədə 6-cı olub.
Ölkəmiz bu il ilk dəfə böyüklər arasında Avropa çempionatında da təmsil olunub. Portuqaliyanın Montemor-o-Velyo şəhərində baş tutmuş yarışda Aleksandr Aleksandrov 13-cü, Cavid Əfəndiyev – İqor Xmara dueti isə 16-cı yeri tutub.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, bütün bu nəticələrdən sonra AMAF qadınlar arasında akademik avarçəkmə növünün daha da inkişafı istiqamətində işlərə başlayıb. Bu məqsədlə 22 yaşlı Viktoriya Çepikova ölkəmizə dəvət olunub. Əvvəllər Belarus milli komandasında çıxış etmiş Çepikova bundan sonra Azərbaycanı təmsil edəcək. Yığmamızın məşqçilər heyəti onun 2 nəfərlik və ya 4 nəfərlik qayıqlarda daha yüksək nəticələr göstərəcəyinə ümidlidir.

Çepikova 2005-ci ildən etibarən Avropa və dünya çempionatlarında çıxış edir. O, elə ilk ciddi sınağında yeniyetmələr arasında dünya çempionatının gümüş medalını qazanıb. Sonrakı mötəbər yarışların əksəriyyətində əsas finaladək irəliləməyi bacaran Çepikovanın təcrübəsi yerli qadın akademik avarçəkənlərimizin inkişafı üçün də faydalı ola bilər.

Viktoriya Çepikova

Doğum tarixi: 29 avqust 1988-ci il
Doğulduğu şəhər: Mogilyov (Belarus)

Nəticələri:

Yeniyetmələr arasında dünya çempionatı

2005. Brandenburq (Almaniya). 4 nəfərlik qayıq. 2-ci yer. 06:47.48
2006. Amsterdam (Hollandiya). 4 nəfərlik qayıq. 5-ci yer. 06:51.87

Böyüklər arasında Avropa çempionatı

2007. Poznan (Polşa). 4 nəfərlik qayıq. 6-cı yer. 06:55.49

23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı

2008. Brandenburq (Almaniya). 4 nəfərlik qayıq. 7-ci yer. 07:36.76
2009. Raçitse (Çexiya). 4 nəfərlik qayıq. 5-ci yer. 06:50.78
1 nəfərlik qayıq. 14-cü yer. 08:03.38
2010. Brest (Belarus). 8 nəfərlik sükanlı qayıq. 6-cı yer. 07:01.42.

Bütün xəbərlər Facebook səhifəmizdə