Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin “A” qrupunda yer alan Azərbaycan milli komandası Almaniya yığması üzərində inamlı qələbə qazanaraq 1/4 finala yüksəlib.
SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.
Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Azərbaycan voleybolçuları 3:1 hesabı ilə qalib gəliblər.
Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə Almaniya millisi 25:19 hesabı ilə üstün olub. Lakin ikinci setdə təşəbbüsə yiyələnən Azərbaycan voleybolçuları qələbə qazanaraq (25:19) ümumi hesabı bərabərləşdiriblər – 1:1. Qarşılaşmanın üçüncü setində üstün oyun nümayiş etdirən voleybolçularımız 25:18 hesabı ilə qalib gəliblər. Bu qələbə sayəsində milli komandamız ümumi hesabda irəli çıxıb - 2:1. Matçın dördüncü seti də yüksək əzmkarlıq nümayiş etdirən Azərbaycan voleybolçularının qələbəsi ilə başa çatıb – 25:18.
Beləliklə, “A” qrupunda keçirdiyi üç görüşün hamısında parlaq qələbə qazanaraq ən yüksək nəticə göstərən Azərbaycan voleybolçuları 1/4 finala birbaşa vəsiqəni təmin ediblər.
Milli komandamız əvvəlki görüşlərdə Macarıstan və Polşa yığmalarına 3:0 hesabı ilə qalib gəlib. “A” qrupundan Polşa və Almaniya yığma komandaları mübarizəni pley-offda davam etdirəcəklər.
1/4 finala birbaşa vəsiqənin digər sahibləri isə İtaliya, Rusiya və Serbiya milli komandalarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB