Nicat Abbasov: “Hədəfim Dünya Kubokuna vəsiqə qazanmaqdır” AÇIQLAMA

Nicat Abbasov: “Hədəfim Dünya Kubokuna vəsiqə qazanmaqdır” AÇIQLAMA

"İsveçrə sistemi ilə keçirilən Azərbaycan çempionatı çox maraqlı və çətin idi. Reytinqdə 1-ci olduğum üçün əlavə məsuliyyət var idi. Birinci nömrəyə qarşı rəqiblər daha ciddi və sərt oynayırlar. Ona görə oyunlarım çətin keçdi". Bunu SİA-ya açıqlamasında şahmat üzrə Azərbaycan çempionatının qalibi Nicat Abbasov deyib.

O qeyd edib ki, çempionatda ən çətin oyunu yarışın 2-cisi olan Misrəddin İsgəndərova qarşı görüş olub: "Bu yeganə oyun idi ki, partiyanın ortalarında məğlub durumda olsam da, rəqibin səhvindən sonra qələbəyə yaxınlaşdım. Ancaq oyun heç-heçə bitdi. Son 4 oyunda ardıcıl olaraq qalib gəldim, 9 mümkün xaldan 7,5 xal topladım və birinci yerə çıxdım. Bu nəticəni gözləyirdim, çünki əsas məqsədim birinci olmaq idi".

Qrossmeyster Mayda Minskdə keçiriləcək şəxsi Avropa çempionatında iştirak etmək hüququ qazandığını vurğulayıb: "Oradakı əsas hədəfim elit 23-lüyə düşmək və Dünya Kubokuna vəsiqə qazanmaqdır. Ona görə də daha çox çalışmaq lazımdır. Avropa çempionatında güclü şahatmtçılar mübarizə aparacaq. Mənim 2015-ci ildə bu yarışda iştirakım uğurlu alınmayıb. Ancaq təcrübələrimi çoxaltmışam. Rəqiblərimə kömək olmaması üçün məşqçimin adını açıqlamıram".

Şahmatçı milli komandamızda yüksək ab-hava olduğunu bildirib: "Milli komandanın tərkibində tanınmış qrossmeysterlərimizin təcrübəsi və məsləhətləri mənə hər zaman kömək olur. Onların hər biri ilə yaxşı münasibətlərim var. Yığmamızda yaxşı atmosfer mövcuddur. Oyunlarımı onların tövsiyələrinə uyğun qurmağa çalışıram. Bu da mənə uğurlu çıxış etməkdə kömək olur".

Bütün xəbərlər Facebook səhifəmizdə