Milli komandamızın şahmatçıları Azərbaycan çempionatında niyə iştirak etmirlər? AÇIQLAMA
"Kişi şahmatçılar arasında Azərbaycan çempionatı adətən yanvar ayında keçirilsə də, şəxsi Avropa çempionatının vaxtına görə, bu ilki yarışı mart ayında təşkil etməyi qərara aldıq. Azərbaycan çempionatının qalibi milli komandanın üzvləri ilə birlikdə şəxsi Avropa çempionatında iştirak edəcəyinə görə, ölkə birinciliyini bu yarışdan 2 ay öncə keçiririk. Şəxsi Avropa çempionatı may ayında Minskdə baş tutacaq". Bunu SİA-ya açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov deyib.
O qeyd edib ki, ölkə çempionatında 24 şahmatçı iştirak edir: "Biz Azərbaycan çempionatında xüsusilə gənc şahmatçılara üstünlük veririk. Burada iştirak edən şahmatçılar qısa müddətdə yüksək nəticələr əldə ediblər. Onlar xarici və daxili turnirlərdə uğurla iştirak edərək əmsallarını artırıblar. Azərbaycan çempionatının iştirakçıları - Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Naxçıvanın ilk qrossmeysteri Urfan Sevdimalıyev, bu yaxınlarda beynəxalq usta normasını doldurmuş Toğrul Həsənzadə (Naxçıvan), Gəncədən beynəlxalq qrossmeyster Vüqar Rəsulov, Bakıdan Loğman Quliyev, Sərxan Quliyev, Nicat Abbasov, Nail Bəşirli və digərləri gələcəkdə güclü şahmatçılarımızı əvəzləyəcək əsas namizədlərdir".
AŞF-nin vitse-prezidenti milli komandamızın üzvlərinin Azərbaycan çempionatında iştirak etməmələrinin səbəblərini də açıqlayıb: "Milli komandamızın üzvləri Rauf Məmmədov, Eltac Səfərli və Qədir Hüseynov birbaşa şəxsi Avropa çempionatında iştirak edəcəklərinə görə hazırlıq keçirlər. Onların öz qrafikləri var. Digər əsas iki şahmatçımız - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov isə gələn ay dünyanın 10 güclü şahmatçısının qatılacağı mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şəmkirdə keçiriləcək superturnirə hazırlaşırlar. Ümumiyyətlə, biz onların ölkə birinciliklərində iştirak etməklərinin tərəfdarı deyilik. Çünki onlar bu yarışda yüksək əmsallarını itirə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB