Dario Frederiko: "Dönüşüm bundan da yaxşı olacaq" AÇIQLAMA

Dario Frederiko: "Dönüşüm bundan da yaxşı olacaq" AÇIQLAMA

"Kəpəz"in zədəli futbolçusu Dario Frederiko bu gün gecə saatlarında ölkəmizi tərk edərək Braziliyaya yola düşüb. SİA-nın məlumatına görə, vətənində əməliyyat olunacaq yarımmüdafiəçi səfərə çıxmazdan öncə klubun rəsmi saytına açıqlama verib: "Zədələndiyim üçün təəssüflənirəm, amma neyləmək olar? Bu futboldur, zədələr qaçılmazdır. Daha çox komandama kömək edə bilməyəcəyim üçün məyusam. Texnikam və sürətimlə "Kəpəz"ə kömək etməyə çalışırdım. Rəqib futbolçulardan sıyrılan zaman heç nədən çəkinmirəm. Bəzən məni kobudluqla dayandırırdılar. Əslində, bu da futbolda normaldır. Yıxmaq da olar, yıxılmaq da".

Dario qeyd edib ki, maqnit rezonans tomoqrafiyasından keçdikdən sonra meniskindəki zədənin ciddi olduğu üzə çıxıb. Frederikonun Brazliyada yerli klinikalardan birində əməliyyat olunması daha münasib sayılıb: "MRT müayinəsi heç də xoş olmayan nəticəni üzə çıxardı. Bu vəziyyətdə pis oldum. Ağrılar var, rahat yeriyə bilmirəm. Braziliyada əməliyyat olunacağam. Bərpa prosesini də vətənimdə keçirəcəyəm".

"Sarı-göylər"in aparıcı üzvü yola düşərkən fanatlara mesaj göndərməyi də unutmayıb: "Mənə görə narahat olan, dəstək verən bütün azarkeşlərə minnətdaram. Həkimlərin sayəsində tezliklə sağalacağıma ümid edirəm. Tanrının, ailəmin və dostlarımın köməyi ilə bu vəziyyətdən çıxacağam. Azarkeşlər hər şeyin yaxşı olması üçün dua etsinlər, narahat olmasınlar. Onlar hər zaman "Kəpəz"i dəstəkləsinlər. Dönüşüm bundan da yaxşı olacaq. Komandamızın uğuru üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mənə çətin günlərdə azarkeşlərlə birgə dayaq olan klub rəhbərliyinə, eləcə də baş məşqçimiz Şahin Diniyevə minnətdarlığımı bildirirəm. Zədələndiyim andan mənim yanımda oldular, ehtiyaclarımı qarşıladılar, nə lazımdırsa, etdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə