Azərbaycan idmançıları "Bakı-2015"-də qızıl medallarının sayını 13-ə çatdırdılar. Növbəti qızıl medalı taekvondoçumuz Radik İsayev qazanıb.
Səksən kiloqramdan yuxarı çəki dərəcəsi üzrə final görüşündə Azərbaycan taekvondoçusu Radik İsayev rusiyalı Vladislav Larini 4:3 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.
Yarışda dörddəbir final mərhələsindən birbaşa mübarizəyə qoşulan Radik İsayev həlledici qarşılaşmaya gedən yolda niderlandlı Yeroen Vanroiyu və sloveniyalı İvan Konrad Trajkoviçi mübarizədən kənarlaşdırıb. Bu çəki dərəcəsində bürünc medallara xorvatiyalı Vedran Qoleç və ispaniyalı Daniel Ros Qomes layiq görülüblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev medalları qalib gələn idmançılara təqdim edib. Qalibin şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib və dövlət bayrağı ucaldılıb.
Radik İsayevin 25 yaşı var. Onun istedadı beynəlxalq turnirlərin birində üzə çıxıb və Azərbaycan milli komandasına dəvət olunub. O, 2013-cü ildə dünya çempionatında üçüncü yeri tutub. Bir il sonra isə Bakıda keçirilən Avropa çempionatının qızıl medalını qazanıb.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB