Boksçularımızın rəqibləri bəlli oldu

Qazaxıstanın Almatı şəhərində AİBA Pro Boxing (APB) yarışlarının püşkü atılıb. SİA-nın məlumatına görə, tədbirdə AİBA prezidenti Çinq Ko Vu, Qazaxıstan Boks Federasiyasının prezidenti Timur Kulibayev, Qazaxıstanın İdman və Mədəniyyət naziri Aristanbek Muhammeduli və digər şəxslər iştirak ediblər.

Hər çəki dərəcəsində 8 boksçu mübarizə aparacaq. Reytinqə əsasən, hər çəkidə iki idmançı "səpələnməmişlər" sırasında yer alıb. Azərbaycan milli komandasının üzvlərindən 2 qat dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (91+kq) reytinqdə 1-ci, dünya çempionu Cavid Çələbiyev (56 kq) isə 2-ci olub.

APB-də ilk döyüşlər oktyabrın 24-də keçiriləcək.

M.Məcidovun ilk rəqibi rumıniyalı boksçu Mihay Nistor olacaq. Nistor WSB liqasında çıxış etsə də, o, hələ ki, Məcidovla qarşılaşmayıb.

C.Çələbiyevin ilk rəqibi isə 28 yaşlı yaponiyalı Satoşi Şimizu olacaq. Şimizu London Olimpiadasının bürünc mükafatçısıdır.

Fariz Məmmədovun da (69 kq) püşk sarıdan bəxtinin gətirmədiyini demək olar. Həmyerlimiz ilk görüşdə rusiyalı Andrey Zamkovoyla üz-üzə gələcək. Zamkovoy London Olimpiadasında bürünc medal qazanmaqla yanaşı, 2009-cu ilin dünya çempionatında da 2-ci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...