K-1 üzrə dünya “Qran-pri” yarışlarının final mərhələsinə həsr olunmuş mətbuat konfransı keçirilib FOTOLAR

K-1 üzrə dünya “Qran-pri” yarışlarının final mərhələsinə həsr olunmuş mətbuat konfransı keçirilib FOTOLAR

"Sərhədçi" Olimpiya İdman Mərkəzində K-1 üzrə dünya "Qran-pri" yarışlarının final mərhələsinə həsr olunmuş mətbuat konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, əvvəlcə yarışda iştirak edəcək idmançıların çəki prosesi keçirilib.

K-1 brendinin sahibi Mayk Kim mötəbər yarışın Bakıda keçirilməsinin təsadüfi olmadığını bildirib, Azərbaycanın bir sıra mötəbər yarışlara ev sahibliyi etdiyini vurğulayıb. Dünya "Qran-pri" yarışlarının final mərhələsinin yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.
K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi, "Best of the Best" promoutionun prezidenti, Avropa çempionu Elnur Məmmədov bildirib ki, yarış dünya standartlarına cavab verəcək: "Azarkeşlər K-1 ulduzlarının əsl döyüşünü izləyəcəklər. Azərbaycan idmançıları bu yarışa uzun müddətdir hazırlaşırlar. Bu, onların K-1 yarışlarında tanınması üçün gözəl şans olacaq".
E.Məmmədov deyib ki, Prezident İlham Əliyevin qayğısı nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır: "Dövlətimizin başçısının idmana olan diqqət və qayğısı nəticəsində belə mötəbər yarışların ölkəmizdə təşkili ənənə halını alıb".

E.Məmmədov vurğulayıb ki, yarış üçün 3D formatında xüsusi effektlər gətirilib: "Biz çalışırıq ki, yarış yüksək səviyyədə təşkil olunsun. Bundan sonra da K-1 üzrə mötəbər yarışların Azərbaycanda təşkil edilməsinə çalışacağıq".
Bakıya ilk dəfə səfər etdiyini diqqətə çatdıran K-1-in məşhur döyüşçüsü, "Qızıl oğlan" ləqəbli Badr Hari burada gördüklərindən məmnun olduğunu bildirib. İdmançı qeyd edib ki, hazırda K-1 dünyada məşhur olan idman növlərindən biridir: "Çox sevindirici haldır ki, Azərbaycanda da bu idman növü sevilir. Belə mötəbər yarışın ölkənizdə təşkil olunması uğurdur".
Dünya "Qran-pri" yarışlarının final mərhələsində qonaq kimi iştirak edəcəyini bildirən B.Hari idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, fevralın 23-də (bu gün) "Sərhədçi" Olimpiya İdman Kompleksində keçiriləcək yarışda bir sıra məşhur idmançılar iştirak edəcəklər.
Turnirin reqlamentinə əsasən, əsas görüşlərdən əvvəl reytinq döyüşləri baş tutacaq. Yarışda 63 kiloqram çəki dərəcəsində Amil Şahmarzadə (Azərbaycan) Zakaria Zouharri (Mərakeş), 83 kiloqram çəki dərəcəsində Ruslan Kobzev (Rusiya) Dennis İppema (Niderland), 72 kiloqram çəki dərəcəsində Babək Rüstəmov (Azərbaycan) Miodrag Olar (Rumıniya), 71 kiloqram çəki dərəcəsində Alim Nəbiyev (Ukrayna) Çad Sugden (Böyük Britaniya), 70 kiloqram çəki dərəcəsində Ziya Bayramov (Azərbaycan) Omar Al Amrani (Mərakeş), 70 kiloqram çəki dərəcəsində İsmət Ağazadə (Azərbaycan) Cedric Manhoef (Suriya), 85 kiloqram çəki dərəcəsində Samet Kesser (Türkiyə) Lazar Daniel (Rumıniya), 72 kiloqram çəki dərəcəsində Tural Bayramov (Azərbaycan) Marco Groh (Almlaniya), 95 kiloqram çəki dərəcəsində Moises Bautu (İspaniya) Fabian Gondorf (Niderland), 100 kiloqramdam yuxarı çəki dərəcəsində Samir Kazimov (Azərbaycan) Corc Kolin ilə (Suriya) döyüşəcək.
Gecənin əsas döyüşlərində məşhur Buakav Bançamek iştirak edəcək. Tailand idmançısının rəqibi Sung Hyung Le (Koreya Respublikası) olacaq. Digər yarımfinal görüşündə kanadalı Şane Kampbell Almaniya idmançısı Enriko Kehə qarşı yarışacaq.
Yarış dünyanın 155 ölkəsinin televiziya kanalı ilə yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə