İdman mövzusunda müsabiqə

İdman mövzusunda yeni müsabiqə elan edilib. Siasport.az saytının məlumatına görə, müsabiqə Zərdabi Mətbuat Mərkəzinin və "Sport favorit" qəzetinin "İdman mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsi çərçivəsində reallaşdırılır.
"İdman ili"nə həsr olunmuş müsabiqənin məqsədi ölkəmizin qeyri-idman KİV-lərində - qəzetlərdə, informasiya agentliklərində idman mövzusunun müntəzəm, operativ, yüksək peşəkarlıqla işıqlandırılmasını daha da stimullaşdırmaq, ictimaiyyətin bu sahədə dolğun yaradıcılıq nümunələrinə tələbatının ödənilməsinə, ixtisaslaşmanın dərinləşməsinə köməkdir.
Müsabiqəyə "Azərbaycan idmanı İdman ilində - uğurlar, problemlər və həlli yolları", "Zirvəyə doğru – olimpiya, dünya, Avropa birinciliklərinin və digər mötəbər beynəlxalq yarışların qalibləri, mükafatçıları və məşqçilər barədə yazılar", "İdman komandalarımız – reportaj, araşdırma, zarisovka", "Kütləvilik devizimizdir", "Bölgələrdə idman – mövcud durum və inkişaf perspektivləri" mövzularında analitik yazılar və məqalələr təqdim edilməlidir.
Müsabiqənin şərtlərinə əsasən təqdim edilən materiallar qeyri-idman qəzetlərinin birində dərc olunmalı, yaxud informasiya agentliyində yayımlanmalıdır. Hər jurnalist son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, adı Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən KİV-lərdə dərc edilmiş yalnız bir yazı təqdim edə bilər.
Dil məhdudiyyəti nəzərdə tutulmayan yazıların Zərdabi Mətbuat Mərkəzinin və "Sport favorit" qəzetinin idman mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçün qeydi göstərilməlidir.
Yazının dərc olunduğu media orqanı (1 nüsxə), A4 formada çap (3 nüsxə) və elektron (Times New Roman şriftində, diskdə) variantları təqdim olunmalıdır. Yazılara həcm məhdudiyyəti qoyulmur.
Yazılar şəxsən 2012-ci il dekabrın 20-dək rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Zərdabi Mətbuat Mərkəzinə (Bakı şəhəri, Teymur Əliyev – 38, əlaqə telefonları 055- 221- 83- 33; 012- 441- 35- 96; 012- 440- 93- 52; 070- 224- 03- 94) təqdim olunmalıdır.
Müsabiqənin qalibləri - birinci yer 500 manat, ikinci yer 300 manat, üçüncü yer 200 manat, eyni zamanda, hər biri 100 manat olmaqla üç həvəsləndirici mükafatla təltif olunacaqlar. Qaliblərə Zərdabi Mətbuat Mərkəzinin və "Sport favorit" qəzetinin xüsusi diplomu təqdim edilməklə yanaşı, müsabiqədə fərqlənən KİV-lər də diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə