Bülənt Qorxmaz \"Bakı\"nın baş məşqçisi olacaq?

"Mənə "Bakı" klubundan hər hansı bir təklif gəlməyib. "Bakı" klubunun prezidenti Hafiz Məmmədovla tez-tez əlaqə saxlayıram. Amma son günlər onunla "Bakı"ya keçidimlə bağlı söhbətimiz olmayıb". Bu sözləri Qol.Az saytına açıqlamasında "Bakı" klubunun sabiq baş məşqçisi Bülənt Qorxmaz deyib. Superliqa təmsilçisi "Karabükspor"dan ayrıldıqdan sonra Bülənt Qorxmazın adı "Bakı"nın baş məşqçisi vəzifəsinə namizədlər sırasında çəkilir.


Türkiyəli mütəxəssis müxbirimizlə söhbətində hazırda bir neçə klubla danışıqlara başladığını bildirib: "Mənə təkliflər var. Həmin klublarla danışıqlar aparırıq. Bu klubların arasında isə "Bakı"nın adı yoxdur. Klubun prezidenti Hafiz Məmmədov mənim üçün çox dəyərli birisidir. Onun yeri mənim üçün ayrıdır. Amma mən bu məsələyə peşəkarcasına yanaşıram. Hafiz bəylə hər zaman oturub söhbət edərəm. Onunla danışdıqdan sonra bu barədə hər hansı bir qərara gəlmək olar. İndidən bununla bağlı nəsə fikir yürütmək doğru deyil". Qorxmaz "Bakı"nın Avroliqa şanslarına da toxunub: "Azərbaycandan hər hansı bir klubun Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması futbolunuz adına böyük iş olar. Mən "Bakı"ya gələrkən hədəfimiz üç illik çalışmadan sonra komandanı Avroliqanın qrup mərhələsinə yüksəltmək idi. Təəssüf ki, bunun üçün imkan olmadı.Gördüyüm işlər mətbuat tərəfindən təqdir edilmədi. İndi mən "Bakı"dan ayrılmışam və bəziləri mənim qiymətimi anlamağa başlayıblar. Halbuki mən sizin ölkədə gözəl işlər görmək istəyirdim".

Bütün xəbərlər Facebook səhifəmizdə