Azərbaycanın futbol klublarının dünya reytinqində mövqeləri bəlli olub

Futbol klublarının yeni dünya reytinqi açıqlanıb. SİA xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) dərc etdiyi siyahıda 701 komanda yer alıb.

Həmin klubların arasında Azərbaycanın yeddi təmsilçisi var. Bunlar "Qarabağ", "Zirə", "Sabah", "Turan Tovuz", "Neftçi", "Sumqayıt" və "Araz-Naxçıvan" komandalarıdır.

Aktivində 168,75 xalı olan Ağdam təmsilçisi ötən ayla müqayisədə 14 pillə geriləyərək 81-ci sırada qərarlaşıb. "Zirə" (99,5 xal) 11 pilləlik sıçrayışla 208-ci yerədək irəliləyib. 62,25 xala malik "Sabah" 9 pillə irəliləyərək 400-cü olub. 53,75 xalı olan “Turan Tovuz” 2 addım önə keçərək 494-cü sıraya yüksəlib. 28 pillə geriləyən “Neftçi” 50 xalla 537-ci olub. “Sumqayıt” 6 pillə irəliləyərək 48 xalla 567-ci sırada qərarlaşıb. “Araz-Naxçıvan” isə 18 pillə geriləyərək 43,75 xalla 648-ci yerə düşüb.

Qeyd edək ki, dünya reytinqinə 441 xalla İspaniyanın “Real Madrid" klubu başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə