İdmançılarımız beynəlxalq turnirdə uğur qazanıblar

Batumi şəhərində “Grand Bellagio Championship-2” kikboksinq və MMA üzrə beynəlxalq turnir keçirilib.

SİA xəbər verir ki, bu şəhərdə ikinci dəfə keçirilən turnirdə səkkiz döyüşdən altısı kikboksinq, ikisi isə MMA qaydaları əsasında təşkil edilib.

Çempionatda Azərbaycan, Türkiyə, Gürcüstan, İsrail, Belçika, İran, Uqanda, Qazaxıstan və Ermənistandan müxtəlif çəki dərəcələrində idmançılar iştirak ediblər.

Azərbaycanı bu çempionatda 4 idmançı təmsil edib.

Turnirdə MMA qaydalarına əsasən 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Yusif Qasımov qazaxıstanlı rəqibi Ulan Tambaqayevə boğucu fəndlə qalib gələrək üçrəngli bayrağımızı başı üzərinə qaldırıb.

Gecənin ən maraqlı və əsas döyüşü isə Gürcüstanda yaşayan azərbaycanlı idmançı, kikboksinq üzrə 7 qat dünya, 3 qat Avropa çempionu Alim Nəbiyev ilə Uqandadan gəlmiş qitə və üç qat dünya çempionu Umar Semata arasında olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Alim Nəbiyev rəqibi üzərində parlaq qələbə qazanıb. O, bununla da keçirdiyi 64 döyüşdən 56-cı qələbəsinə təmin edib.

Turnirdə yadda qalan maraqlı məqamlardan biri də idmançılarımızın rinqə Azərbaycan bayrağı və musiqisi altında daxil olmaları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə