Prezident tərəfindən mükafatlandırılan idmançılar təəssüratlarını SİA ilə bölüşdü - RƏYLƏR

Məlumdur ki, dünən Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, XVII Yay Paralimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

birinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000manat;
ikinci yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat;
üçüncü yeri tutan hər bir idmançıya 50 000 manat, onun məşqçisinə 25 000 manat.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

SİA mövzu ilə bağlı mükafata layiq görülən idmançıların fikirlərini öyrənib.

2024 Yay Olimpiya Oyunlarının paratakevondo üzrə qızıl medalçısı İmaməddin Xəlilov: “İlk öncə mənə bu ordeni layiq görüb təltif edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çox təşəkkür edirəm. Çox sevincliyəm.

Özümə söz vermişdim ki, vətənim üçün nəysə etməyi bacaracam. Şükür Allaha ki, paralimpiyadada vətənimin himnini səsləndirib bayrağını ən ucaya qaldırdım. Bəzi hisslər var ki, onları sözlə ifadə etmək olmur. Bu da onlardandır. Özümə inanırdım. Son bütün böyük yarışları çempion olmuşdum və xalqımın duasını hiss edirəm. Bu da mənə bir başqa güvən verirdi”.

"Paris-2024" Yay Paralimpiya Oyunlarında paracüdo üzrə yarışlarda bürünc medal qazanmış Azərbaycan idmançısı İlham Zəkiyev: “Cənab Prezident ölkədə bütün sahələrin inkişafını daim diqqətdə saxlayır. İdman da həmin sahələrin, deyərdim ki, öndə gedənlərindəndir.

Biz idmançılar yarışın statusundan asılı olmayaraq həmişə bu diqqəti və qayğını öz üzərimizdə hiss edirik. Təsadüfi deyil ki, biz 4 illiyin oyunlarında uğur qazandıqda ölkəmizin rəhbəri və birinci xanımı bizim qələbələrimizi təbrik edir və hər böyük yarışlardan qayıdan sonra cənab Prezident bizi yüksək mükafatlandırır və bu mükafatlar biz idmançıları yeni-yeni qələbələrə stimullaşdırır.

Mənə gəldikdə isə, bildiyiniz kimi Parisdə keçirilən XVII Yay Paralimpiya Oyunları mənim kariyeramda artıq 6-cı idi. Paris medalı isə 5-ci medalım oldu. Və hər bir yarışlardan dönükdə mənim uğurlarım cənab Prezident tərəfindən ən yüksək səviyyədə qiymətləndirilib. Dünən təltif olunduğum “Vətənə xidmətə görə II dərəcəli” Ordenin isə əsas xüsusiyyəti ondan ibarətdir ki, mən artıq “Vətənə xidmətə görə” Ordenin hər üç dərəcəsinə layiq görülərək bu Ordenin tam kavaleri oldum. Bu şərəfə məni layiq gördüyünə görə öz adımdan, eləcə də ailəm və yaxınlarım adından cənab Prezidentə sonsuz minnətdarlığımı bildirirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə