Badmintonçularımız Litvaya məğlub olub

Macarıstanın Debretsen şəhərində tələbələr arasında keçirilən Avropa Universitet Oyunlarında badminton yarışları start götürüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, D qrupunda mübarizə aparan Azərbaycan İdman Akademiyasının tələbələri Litvanın Böyük Vitovt Universitetinin idmançıları ilə üz-üzə gəliblər.

Qarışıq qoşa kateqoriyasında yarışan Rəvan Niftəliyev və Nigar Əliyeva cütlüyü Oleksandr Şmundiak və Anastasiya Prokopovyiç tandeminə 2:0 (22:20, 21:7) hesabı ilə məğlub olub.

Kişi badmintonçuların şəxsi yarışında Aqil Qabilov Andriy Dona, qadın badmintonçuların şəxsi yarışında isə Nərmin Şərifova Samanta Golubickaiteyə hər iki setdə yenilib.

Kişi və qadın badmintonçuların qoşa yarışında da rəqib Azərbaycan komandasından üstün olub.

Beş kateqoriyanın hər birində rəqibinə uduzan Azərbaycan badmintonçuları qrupun növbəti oyunlarında Fransanın Bordo universitetinin tələbələri ilə qarşılaşacaqlar.

Badminton yarışlarına iyulun 24-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə