III Avropa Oyunları barədə idmançıların TƏƏSSÜRATLARI - SORĞU

III Avropa Oyunları barədə idmançıların TƏƏSSÜRATLARI - SORĞU

Ötən gün Krakov-2023 III Avropa Oyunları start götürüb. Rəsmi açılış mərasimi iyunun 21-də baş tutacaq multi-idman tədbiri 12 gün davam edəcək. Avropanın 48 ölkəsindən olan 7 minə yaxın atlet 29 idman növündə bacarığını nümayiş etdirəcək. Əksər idman yarışlarından kənarlaşdırılan Rusiya və Belarus "Köhnə qitə"nin bayramından da kənar qalacaq. İştirakçılar 253 dəst medallar uğrunda mübarizə aparacaq. SİA azərbaycanlı idmançılar arasında mövzu ilə bağlı sorğu aparıb.

Azərbaycan güləşçisi Hacı Əliyev: “III Avropa Oyunlarında yarışan bütün azərbaycanlı idmançılara uğurlar arzulayıram. Həqiqətən Avropa Oyunları idmançı üçün çox maraqlı və çətin yarışlardan biridir. Mən 2015-ci ildə Bakıda və 2019-cu ildə Minskdə keçirilən Avropa Oyunlarında iştirak etmişəm. Çox heyif ki, bu dəfə oyunlarda güləş idman növü yoxdur. Yenə də digər idman növləri üzrə çıxış edən həmyerlilərimizə yarışda uğur arzu edirəm. İnşallah qızıl medallarımızın sayı çox olar”.

Azərbaycan karateçisi Mədinə Sadıqova: “İlk qarşılaşmam bolqarıstanlı İvet Qoranova ilə oldu. Əslində, bu yarışda hesab etibarilə öndə idim. Hakimlərin ona Olimpiya çempionu olduğuna görə əlavə xal verdiklərini düşünürəm. İkinci qarşılaşmamda yerli idmançıya qalib gəlsəm də, axırıncı görüşdə düşündüyüm alınmadı və nəticədə məğlub oldum. Özümü toparlayıb xal qazana bilərdim. Amma rəqibin taktikası ilə döyüşdüyüm üçün yenildim".

Azərbaycan karateçisi Fidan Teymurova: "Avropa Oyunlarına yüksək motivasiya və hazırlıqla gəlmişdim. Yarışda taktiki səhvlər etdim. Yenə də qələbə qazana bilərdim. Taktiki səhvlərim ucbatından uduzdum. Nəticə etibarilə yarışlardakı mübarizəmi dayandırdım”.

Azərbaycan karateçisi Asiman Qurbanlı: "Görüşlərin hər biri ağır keçir. Çünki rəqiblərimin hamısı güclüdür. Avropanın ən güclü 8 karateçisi bu oyunlarda iştirak edir. İlk rəqibim ispaniyalı idi, ona qalib gəldikdən sonra gürcü rəqibimin üzərində qələbə qazanaraq yarımfinala yüksəldim. Mənim üçün əsas finaldır. Qalib olaraq himnimizi səsləndirib, bayrağımızı yüksəklərdə dalğalandırmaq istəyirəm".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə