"Güləşçilərimiz qələbələri ilə bizi sevindirəcək" - QURUM RƏSMİSİ BİLDİRİB

"Güləşçilərimiz qələbələri ilə bizi sevindirəcək" - QURUM RƏSMİSİ BİLDİRİB

"Bu il yunan-Roma güləşi üzrə U-20 milli komandamızın ilk beynəlxalq yarışı Qazaxıstanda keçirilən memorialdır. Yığmamız bu yarışa geniş tərkibdə qatılıb. Turnirin ilk günündə Ruslan Nurullayevlə (72 kq) İsmayıl Rzayev (82 kq) finala yüksəldi. Fərid Sadıxlı (55 kq) və Məhəmməd Qasımzadə (63 kq) isə bürünc medal uğrunda güləşəcək. Bu güləşçilərin hər biri yeniyetmələr arasında Avropa və dünya çempionatının mükafatçılarıdır. Ona görə də inanırıq ki, bu axşam qələbələri ilə bizi sevindirəcəklər. Bu gün digər 5 çəkidə çıxış edən idmançılarımız da mübarizəyə qoşulub". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı deyib.

Azərbaycanda güləşin səviyyəsinə gəldikdə isə qurum rəsmisi qeyd edib ki, güləş həmişə ölkəmizin ən uğurlu idman növü olub: "Bu gün də belədir. Ötən il xüsusən güləşimiz üçün rekord nəticələrlə əlamətdar oldu. Bu il də U-23 və böyüklər arasında Avropa çempionatlarında böyük uğurlar qazandıq. Ümid edirik ki, yeniyetmə və gənclər arasında da Avropa və dünya çempionatlarında sözümüzü növbəti dəfə deyəcəyik. İlin əsas yarışı isə sentyabrda keçiriləcək. Bu, olimpiadada lisenziya xarakteri daşıyan dünya çempionatıdır. Hal-hazırda komandalarımız intensiv şəkildə bu yarışa hazırlaşır. Əhval-ruhiyyə də yüksəkdir. Çalışacağıq ki, bu yarışdan Paris-2024-ə mümkün qədər çox lisenziya qazanaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə