İkiqat dünya və Avropa çempionu - (Portret cizgiləri)

Məşhur boksçu Rövşən Hüseynov haqqında danışmaq, söz açmaq bir dost, həmkar kimi mənə həm çətin, həm də şərəflidir. Çətindir, ona görə ki, Azərbaycanın boks idmanının şöhrətini bütün dünyaya yayan, bu idmanda uca zirvələr fəth edən bir insan haqqında nə deyim ki, ona layiq olsun. Açığı söz tapmaqda acizliyimi hiss edirəm. Şərəflidir, ona görə ki, bütün görüşlərdə üçrəngli Bayrağımızı yüksəklərə qaldırmaq, doğma Vətənin idman şərəfini qorumaq hər oğulun işi deyil. Bizi mehriban dostluq telləri birləşdirsə də, mən ilk öncə Rövşən müəllimin uğurları, nailiyyətləri ilə qürur duyur, fəxr edirəm. Çünki o, boks idmanında artıq öz möhrünü vurub. Belə ki, keçmiş SSRİ-nin və Azərbaycan Respublikasının Əməkdar idman ustası, Beynəlxalq dərəcəli hakimdir. Rövşən Hüseynov həm gənclər, həm də kişilər arasında ikiqat Dünya və Avropa çempionu adını daşıyır. Eyni zamanda istedadlı hakim kimi Olimpiya yarışlarına qatılıb və Azərbaycanı ləyaqətlə təmsil edib.

...Rövşən Hüseynov 1975-ci ildə dünyaya göz açıb. Həyat yolu Ermənistandan, Qərbi Azərbaycandan başlayıb. Burada boks idmanının ilk sirlərini öyrənib. Sonralar Rövşəngilin ailəsi Azərbaycana köçür, burada boksla daha yaxından məşğul olur. “Dinamo” İdman Cəmiyyətinin və Azərbaycan yığma komandasının baş məşqçisi Respublikanın Əməkdar məşqçisi Rauf Cabbarovun rəhbərliyi ilə məşqlərə başlayıb. İlk boks turnirlərində öz gücünü sınayır. Qazandığı uğurlar həm məşqçini, həm də onu sevindirib. Sonralar SSRİ-nin yığma komandasının tərkibində boks turnirlərinə qatılıb: Rinqdən rinqə uğurlarının sayı artıb və Azərbaycana başıuca qayıdıb. Qatıldığı Beynəlxalq turnirlər Rövşən Hüseynovun boks idmanında əsl istedadını ortaya qoyub. Qələbələrinin sorağı Avropadan, dünya rinqlərindən gəlib. Təbiidir ki, bu uğurların kökü yuxarıda qeyd etdiyimiz kimi tələbkar və tanınmış məşqçi Rauf Cabbarovun rəhbərlik etdiyi “Dinamo” İdman Cəmiyyətindən gəlir. Artıq məşqçi həyatda yoxdur, lakin Azərbaycan boksçusunun adı Avropanı, dünyanı gəzib dolaşır. Onu da vurğulamaq istəyirik ki, Rövşən Hüseynovun boksda belə bir uğurlar qazanmasında Azərbaycan boksunun əfsanəvi nümayəndəsi Ağacan Əbiyevin böyük xidmətləri olmuşdur.

Rövşən Hüseynovun məşqçilərindən biri də Olimpya yarışlarının gümüş mükafatçısı Malik Ağayevin məşqçi-müəllimi olmuş Respublikanın Əməkdar məşqçisi, Azərbaycan yığma komandasının məşqçisi Əsgər Eyvazovdur. O, hazırda Respublika Məşqçilər Komitəsinin sədri kimi fəaliyyət göstərir.

Yuxarıda qeyd etdim ki, dostum və həmkarım Rövşən müəllimin nailiyyətləri ilə qürur duyuram. Bunu təsadüfi demirəm. Çünki bir çox yarışlarda onun hakimi olmuşam, rəqibinə necə ustalıqla qalib gəldiyinin şahidiyəm. Rinqdən sonra dostumun əlini sıxmaqla, onu təbrik etməklə elə bil mənə dünyanı bağışlayırdılar. Çünki qələbələri ilə üçrəngli Bayrağımızı dəfələrlə yüksəklərə qaldıran, xalqının başını uca edən dostu sevməmək, sevincinə şərik olmamaq mümkün deyil.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il anadan olmasının 100 illik yubileyi şərəfinə “Heydər Əliyev ili” elan olunub. Təbii ki, bu, hamımızın ürəyincədir. Axı, Ulu Öndər ölkədə bütün sahələrin inkişafına diqqət yetirdiyi kimi ümumən idman növlərinin, o cümlədən boksun inkişafı üçün də möhkəm təməl yaratdı.

Rövşən Hüseynovun uğurları məhz Ümummilli Liderin rəhbərlik dövrünə təsadüf edir. Elə buna görə boks ustası Ulu Öndər barədə minnətdarlıq hissi ilə söz açıb deyir:
-Qazandığım uğurlara görə ilk növbədə müstəqil Azərbaycanımızın qurucusu və memarı Heydər Əliyevə minnətdaram. Çünki idmanın inkişafı üçün elə şərait yaratmışdı ki, yarışlara qatılıb Vətənə qalib kimi qayıtmamağı özümüzə sığışdıra bilmirdik. Qeyd edim ki, dahi rəhbərlə dəfələrlə görüşlərim olub, uğurlarıma görə məni şəxsən təbrik edib. Təbii ki, bu, sonrakı qələbələrim üçün məndə ruh yüksəkliyi yaratdı... İndi isə möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev onun yolunu layiqincə davam etdirir.

Rövşən Hüseynov məhz boks üçün doğulub. Hətta arada düşdüyü qəfil avtomobil qəzası da onu sevimli idmanından ayıra bilmədi. Əslində dost-tanışları ondan əlini üzmüşdülər. Axı o nə yeriyə, nə də məşq edə bilirdi. Necə deyərlər, ağır zədə aldığına baxmayaraq, yenə özündə ayağa qalxmaq üçün güc-qüvvət, inam tapdı, ruhdan düşmədi. Yenidən boks üzrə döyüşlərə qatıldı. Rinqdən rinqə yeni-yeni nailiyyətlərə, uğurlara imza atdı. Ən vacibi isə Dünya boks mütəxəssisləri onu Olimpiya çempionu kimi görürdülər. Lakin düşdüyü qəza bu arzunun reallaşmasına imkan vermədi...

Hazırda Azərbaycan Respublikası Boks Federasiyasının aparıcı vitse-prezidenti işləyən Rövşən Hüseynov ölkəmizdə boks idmanının inkişafına xüsusi diqqət yetirir. Boks idmanının maddi-texniki bazası ildən - ilə möhkəmlənir. Təbii ki, bu da istedadlı boksçuların yetişməsi üçün şərait yaradır. İndi respublikanın elə bir şəhəri, rayonu tapılmaz ki, orada Boks Mərkəzləri fəaliyyət göstərməsin. Müşahidələrimə əsasən deyə bilərəm ki, son illərdə gənclər idmanın bu növünə xüsusi maraq göstərirlər. Bu da təsadüfi deyil. 44 günlük Qarabağ müharibəsi göstərdi ki, hər şeyi silah həll etmir. Fiziki hazırlıq, xüsusilə boks idmanı ilə ciddi məşğul olmaq önəmli rol oynayır. Məsələn, Qafqazın incisi və mədəniyyət paytaxtımız sayılan Şuşanın məhz əlbəyaxa döyüşlə alınması fikrimizi bir daha təsdiqləyir.


Sevindiricidir ki, gənclərimizin boks idmanı ilə məşğul olması artıq kütləvi hal alıb. Azərbaycan boksunda nəsil dəyişməsi baş verir. İdmançılarımız nəinki Respublika, habelə Beynəlxalq turnirlərdə uğurla çıxış edir, ustalıqlarını nümayiş etdirirlər.
Təbii ki, bütün bunlar peşəkar boksçuların təcrübəsindən irəli gəlir. Çünki hər bir peşəkar, təcrübəli boksçunun uğuru, nailiyyəti gənc idmançılara örnəkdir.

Bu baxımdan Azərbaycan boksunda zirvələr fəth edən Rövşən Hüseynovun saysız-hesabsız uğurları haqlı olaraq qürur doğurur. Onun həyatında yadda qalan, yaddaşında silinməz iz buraxan nailiyyətləri çoxdur. Belə ki, bir ayın içində həm gənclər arasında dünya çempionu oldu, həm də kişilər arasında dünya kubokunun sahibi kimi Vətənə qayıtdı.


Mən dost sevgisi bəslədiyim, uğurlarına ürəkdən sevindiyim Rövşən müəllim haqqında publisistik qeydlərimi ona həsr etdiyim aşağıdakı şeirlə bitirmək istəyirəm:

Hər zəfər çalanda...

Keçmiş SSRİ-nin və Azərbaycanın Əməkdar idman ustası, ikiqat Dünya və Avropa çempionu, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Boks Federasiyasının vitse-Prezidenti Rövşən Hüseynova həsr edirəm.

Qardaş, boks özü də döyüş meydanı,
Bir zirvə fəth etdin hər görüşündə.
Sanki qazanırdın bütün dünyanı,
Hər zəfər çalanda boks döyüşündə.

Rinqlərin gəlməyir saya-hesaba,
Hər dəfə uğura imza atmısan.
Dözsən də qalib tək hər cür əzaba,
Arzu-məqsədinə özün çatmısan.

Hər görüş səninçün qeyrət sınağı,
Çıxdın hər döyüşdən qəhrəman kimi.
Ucaldı göylərə Vətən Bayrağı,
Qürurundan doğan şərəf-şan kimi.

Düşdüyün qəzada öz dəyanətin,
Ölümün çəngindən qopardı səni.
Yenə qalib gəldi boks məhəbbəti,
Zəfərdən zəfərə apardı səni.

Çox olub, üz-üzə gəldin düşmənlə,
Qisas hissi ilə çıxdın meydana.
Qəlbində çağlayan Vətən eşqiylə,
Ucalıq gətirdin Azərbaycana.

İllər nə tez ötür, dolursan yaşa,
Gənclikdən yadigar ad-sanın qalıb.
Sanma gücün gedib, yetər savaşa,
Yenə cəng-cidala meydanın qalıb.

Əlizadə ƏSƏDOV,
Respublikanın Əməkdar məşqçisi,
“Azad Azərbaycan” qəzetinin xüsusi müxbiri,
“Qızıl qələm” H.B.Zərdabi, “Xalqın nüfuzlu ziyalısı”
Mükafatları laureatı, şair-publisist.

Bütün xəbərlər Facebook səhifəmizdə