Yaşıl evlərimiz... BAXIŞ BUCAĞI

İnsan övladı hər zaman düşünməyə borcludur ki, dünyada tək canlı mən deyiləm. Ağaclar, güllər, çiçəklər, otlar, ümumilikdə bütün bitki və heyvanlar aləmi də canlıdırlar. Onu da düşünməyə borcluyuq ki, nə üçün Ulu Yaradan bizləri heyvanlardan, bitkilərdən fərqli yaradıb, bizə əl, ayaq, dil verib? Bu fərq ona görə verilib ki, digər canlıların taleyi bizə tapşırılsın. Dünyamızın flora və faunası qorunsun. Bunu isə biz insanlar etməliyik. Canlı olaraq həyatımızda aclıq, susuzluq hiss ediriksə, mühafizəyə, təhlükəsizliyə ehtiyac duyuruqsa, deməli, ətrafımızdakı canlıların hər birinin də o istəkləri var.

Kainat necə də möcüzəli və maraqlı qurulub. İnsan, flora və fauna necə də bir-birinə zəncirvarı birləşib. Onların heç birinin həyatını bir-birindən ayrı təsəvvür etmək olmaz. Belə isə bu gün haqqında söhbət açdığım yaşıl evlərimizi qorumaq hər birimizin borcudur. Xüsusilə yay fəslində bu evlərə-meşələrə minlərlə insan istirahət üçün üz tutur. Bu səbəbdən meşələrimizin bu fəsildə daha çox diqqət və qayğıya ehtiyacı var.

İnsan olmayan yerdə təbiət “yetim qalar”...

Yayın isti günlərindən qaçıb günlərlə, bəzənsə aylarla çadırlarımızı qurub başı göylərə ucalan qollu-budaqlı sıx ağaclarının kölgəsinə sığındığımız meşələrimizi həm də hər birimizin yaşıl evləri hesab etmək olar. Təbiətimizin yaşıl ciyəri, oksigen mənbəyi olan meşələrimizdən söhbət düşəndə hər dəfə özümüzdən asılı və asılı olmayan səbəblər üzündən təbiətimizə vurduğumuz zərbənin təəssüf dolu acı xatirələrini yaşamalı oluruq. Elektrik enerjisinin, təbii qazın olmadığı vaxtlarda enerji mənbəyi kimi baxdığımız meşələrimiz arxamızda dağ kimi dayanıb.

Meşələrdən söz düşəndə xüsusilə Naxçıvanda blokadanın ilk illərini xatırlayıram. O illər ümid yeri, ata ocağı bilib üz tutduğumuz meşələrimizdən əliboş qayıtmadıq. Bəzən təbiətin özünün, bəzənsə bizim əllərimizlə yaratdığımız təbii sərvətimiz o ağır illərin sərt qışlarında evlərimizdəki körpələrimizi, xəstələrimizi soyuqdan donmaqdan xilas etdi, yeməyimizi “bişirdi”, çayımızı “qaynatdı”. Düşmənin əzmimizə mənəvi zərbə endirmək məqsədilə tuşladığı “baltanın” qarşısına meşələrimiz “sinəsini” verdi. Özünün məhv olmasını insanların məğlub olmasından üstün bildi. Çünki belə bir deyim var, insan olmayan yerdə təbiət “yetim qalar”. Bu yerin insanlarının yaşaması sabah meşələrin bərpası, yüzlərlə hektar yeni meşə örtüyünün yaradılması demək idi və belə də oldu...

Həmin çətin illəri naxçıvanlılarla birgə yaşayan ümummilli liderimiz Heydər Əliyev hər biri bir dədə-baba yadigarı olan və əlacsızlıqdan kəsilən ağacların yerində yaranan görüntünü “təbiət qəbiristanlığı” adlandırıb və təbiətə dəyən bu ziyanın tezliklə aradan qaldırılması üçün tövsiyələr verib, bu yerin insanlarını ağac əkib bağ salmağa dəvət etmişdi. Onun 1993-cü il aprelin 2-də qəbul etdiyi tarixi qərarla muxtar respublika ərazisində başlanan yaşıllaşdırma tədbirləri bu gün bütün ölkə ərazisində davam etdirilir. Respublikamızda bu işlərin planlı aparılması üçün 2003-cü il fevralın 18-də “Azərbaycan Respublikası meşələrinin bərpa edilməsi və artırılmasına dair Milli Proqram” qəbul edilmiş və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında bu sahədə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da respublika ərazisinin 11,8 faizini təşkil edir. Ölkəmizin meşə ehtiyatının 49 faizi Böyük Qafqaz, 34 faizi Kiçik Qafqaz, 15 faizi Talış və 2 faizi Aran zonasının (Naxçıvan Muxtar Respublikası ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına düşən meşə sahəsi 0,12 hektardır. 261 min hektar meşə fondu sahəsi Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi ki, 2020-ci ilin 44 günlük İkinci Vətən Müharibəsi ilə bu fond işğaldan azad edidi, məhv edilmiş həmin meşələr indi bərpa olunur.

Bəli, meşələr bizim arxamızda hər zaman dağ kimi dayanıb, bizə qoynunu açıb, çətinliklərdən qurtarıb. Yayda ağaclarını çətir edib bizi istidən qoruyub. Kölgəsinə sığınmışıq, istirahətimizi səmərəli qura bilmişik. Belə isə onun da bizə ehtiyacını hər zaman nəzərə almalı və unutmamalıyıq ki, bizsiz təbiət bir yetim, kimsəsizdir...

Qarabağda meşələrimiz bərpa olunur

Yağı düşmən bu meşələri də evlərimiz, həyətlərimiz, məscidlərimiz, tarixi-mədəni abidələrimiz kimi məhv edib. Qəddar və nankor düşmən 30 ildə işğal altında saxladığı torpaqlarımızda daşı daş üstündə qoymadığı kimi, təbii sərvətlərimizi də talayıb, öz ölkəsinə daşıyıb, həmçinin dünya bazarlarına çıxarıb, satıb-sovub, milyonlar qazanıb. Məlumata əsasən ümumi sahəsi 43 min hektar olan 6 xüsusi mühafizə olunan təbiət ərazisində 6 800 hektar meşə örtüyü tamamilə məhv edilib, biomüxtəlifliyə ciddi zərər vurulub. Bəsitçay Dövlət Təbiət Qoruğunun təxminən yarısına qədər hissəsində qədim Şərq çinarı ağacları kəsilərək məhv edilib.

Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbiət abidəsi olan çinar meşəsini qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyul tarixli qərarına əsasən Zəngilan rayonunun ərazisində 117 hektar sahəni əhatə edən Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılmışdı. Çox təəssüf ki, 1980-ci ildə çinar meşəsinin ümumi sahəsi 10 hektar azalaraq 107 hektar təşkil edib. Hesablamalara görə, Azərbaycanda çinar meşəsinin ümumi sahəsi 120 hektara yaxındır. Zəngilanın çinar meşəsi Avropada ən böyük, dünyada isə Kanadadan sonra ikinci yeri tutur. Hazırda Kanada dövlətinin bayrağının üzərindəki Şərq çinarı yarpağının təsviri uzun müddətdir ki, Kanadanın rəmzinə çevrilib. Bununla yanaşı, bir çox müəlliflər öz tədqiqatlarında hətta belə qənaətə gəlirlər ki, Zəngilanın çinar meşəsi – Şərq çinarı meşəsi dünyanın ən böyük meşə zolağıdır.

İllər, əsrlər ötər, lakin ermənilərin Azərbaycan xalqına qarşı vandal hərəkətləri heç bir zaman unudulmaz. Çünki bu vəhşiliklərin canlı şahidləri olan bizlər bunların hər birini yazmışıq, gələcək nəsillərə ötürmüşük. Qoy əsrlər sonra da bizim övladlarımız bu qonşuluqdan kənar olmuşların əməllərini bilsinlər. Bilsinlər ki, yağı düşmən kənd və şəhərlərimizə, torpağımıza, insanlarımıza, körpə balalarımıza, meşələrimizə, ağaclarımıza, meşələrdə yaşayan minlərlə heyvanlara nə kimi zərbələr endiriblər. İnsanlar torpağından zorla qovulub. İnsan olmayan yerdə təbiət “yetim” qalar, deyirlər. Bəli, insanlar Qarabağdan gedəndən sonra təbiət yetim qaldı. Ağaclar qurudu, meşələr məhv edildi, heyvanlar acılıqdan öldülər. Bütün binaların səbəbkarı olanlar günahkardırlar. Onların cəzasını 44 günlük müharibədə bu xalq verdi. Ulu Yaradan isə zamanla verəcəkdir.

Qarabağın meşə örtükləri də artıq burada aparılan bərpa işləri kimi diqqətdə saxlanılan məsələdir. Onlar da bərpa edilir. Bu qədim yurd yerinin ekosisteminə vurulan zərəri aradan qaldırmaq məqsədilə Zəngilan rayon ərazisində indiyədək 2 000 çinar ağacı və 1 000 kiloqrama yaxın palıd toxumu əkilib. Bir neçə ildən sonra bu yerlərdə əvvəlki meşələrimizə qarşılaşa biləcəyik. Təki torpaq olsun. O, zamanla yenə də bitirir və yetirir...

Təbiətin fəryadına gecikmək olmaz

Bu gün bütün dünya təbiətlə bağlı ciddi problemlər yaşayır. Qlobal istiləşmə yanğınlara səbəb olur. Su qıtlığı meşələrin məhv olması ilə nəticələnir. Bütün bunlara təbii proseslərdir, deyirik. Lakin bu proseslərin yaradıcısı da biz insanlarıq. Texnologiyanın inkişafı, sonsuz sayda fabrik və zavodların fəaliyyəti biz insanların beyninin, əllərinin “məhsullarıdır”. Biz insanlar gəlir əldə etmək, yaxşı yaşamaq üçün təbiətin qəsdinə dayanmışıq. Görün biz nə qədər tamahkarıqsa, ağacları kəsib yerində çoxmərtəbəli evlər ucaldıb pul qazanırıq. Bu pulla xarici ölkələrə səfərlər edirik, yaxşı maşınlar sürür, geyinib-keçinirik. Lakin anlamırıq ki, bizə puldan da, maşından da, geyimdən də önəmli olan oksigendir. Onu nə üçün əllərimizlə məhv edirik?

İnsan övladının bütün əməlləri təbiətə hər dəfə bir ziyanla nəticələnir. Sonda isə təbiət fəryad qoparır, kömək istəyir. Lakin bu dilsiz-ağızsız təbiətin şüuru yoxdur axı kimə üz tutduğunu anlaya. Anlaya ki, mən kimdən nə umuram... Əlacı fəryada qalır, yenə də fəryad edir. Lakin fəryadına səs verən varmı?

Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyev məşhur “Həyəcan təbili” kitabında yazırdı: “Həyatda dərsə də gecikmək olar, bazara da... Amma təbiətin fəryadına gecikmək olmaz. Çünki təbiətin fəryadına gecikmək böyük faciələr yaradar”. Bəli, internet əsrinin insanları olan bizlər az qalır, onunla qürur duyaq ki, nə gözəl sistemdir bu, istənilən anda bütün istəkləri yerinə yetirir, uzaq məsafələri yaxın edir, məktubları anında çatdırır, dünyanı bir anda evimizə gətirir. Hər birimizin, hətta kiçik yaşlı övladlarımızın əlində bir telefon, hər evdə kompüter, işdə kompüter, küçələrdə oyun zalları, ümumiyyətlə, ətrafımızda hər şey internetlə bağlıdır. Lakin biz hələ də anlamırıq ki, gündən-günə işıq enerjisi ilə inkişaf edən bu texnologiya üç canlıya-insana, bitki və heyvan aləminə nə dərəcədə ziyan vurur. Anlamırıq, anlamaq da istəmirik. Təbiət fəryad edir, başımızı telefonlardan qaldırıb onun səsinə səs vermirik. Meşələr od tutub yanır, əhəmiyyət vermirik. Gözümüz qarşısında yayın ortasında ağacların yarpağı payızın xəzəlinə çevrilir, fərqinə varmırıq.

On ilin o başında şaqqıltı ilə axan çaylarımız indi dibindəki daşların üstünü örtəcək səviyyədə axır, səbəbini yenə də təbiətin özündə görürük. Düşünmürük ki, bütün bunların səbəbkarı bizik. Biz öz əllərimizlə təbiəti məhv edirik, yaşıl evlərimizin qapılarını üzümüzə özümüz bağlayırıq.

Təbiətimizin yaşıl ciyəri, oksigen mənbəyi

İndi yay fəslidir. İnsanlar böyüklü-kiçikli meşələrə üz tuturlar. Təbiətimizin yaşıl ciyəri, oksigen mənbəyi olan meşələrə. Şəhərlərin cırhacırından yaxa qurtarmağa çalışırlar. Meşələr də həmişəki kimi ağuşunu açır onlara. Kölgəsindən, sərinliyindən, romantikasından hər kəsə pay ayırır.

Biz nə edirik? Bu dəyəri qarşılığında ona dəyər veririkmi? Xeyr, vermirik. Biz sadəcə öz istirahətimizi səmərəli qurmağa çalışır. Bu səmərə də ondan ibarətdir ki, ağacların qol-budaqlarından qırıb çay qoyur, yemək hazırlayırıq. Bu hələ azmış kimi, istirahətdən qayıdanda nə qədər ki, tullantı var, meşələrimizin sinəsinə səpələyib geri qayıdırıq. Meşə gözətçiləri yaxınlaşır, xahiş, xəbərdarlıq edib gedirlər. Bütün bunları isə bəzilərimiz sanki eşitmirik.

Dəfələrlə müşahidə etmişəm ki, görüm ətrafdakı insanlar istirahət etdikləri ərazidən hansı şəkildə ayrılacaqlar. Baxmışam ki, yaxınlıqda tullantı qutularının olmasına baxmayaraq əllərindəki tullantını ağacın altında qoyub uzaqlaşırlar. Hansı ki, tullantı qabı onlarla 3-4 metr məsafədədir.

Meşələrdə bulaqların başını da insanlar “zinətləndirir”. Qarpız, qovun qabıqlarını, tərəvəz, yemək qalıqlarını buraya töküb gedirlər. İstifadə etdikləri qabları burada yuyub evlərinə təmiz aparmaq istəyirlər. Tullantıları isə burada hara gəldi, töküb gedirlər. Hansı ki saatlardır evlərini tərk edib burada oturublar, sərinləyib, yaxşı istirahət ediblər. Belə isə bura da sizin eviniz deyilmi? Zəhmət olmasa, vaxtınız olanda, bir bu barədə fikirləşin.

Görsəniz, qiyamət qopur, yenə əlinizdəki fidanı əkin

Meşə örtüyü bütün canlılar, xüsusilə də insanlar üçün çox gərəklidir. Elə Həzrəti Məhəmməd Peyğəmbərin “Görsəniz, qiyamət qopur, yenə əlinizdəki fidanı əkin” kəlamı da ­yaşıllıqların, meşələrin faydasını ifadə edir. Bu dəyərli fikir özündə fidan əkməyin vacibliyini ehtiva etməklə yanaşı, həm də qiyamətədək təbiəti qorumağın faydasını açıqlayır.

İllər öncə meşələrimizin birində qarşılaşdığım meşə gözətçisi Əbdüləli əmi söhbətimiz zamanı çox maraqlı məqamlara toxunmuşdu: – Uzun illərdir ki, meşəbəyi işləyirəm. Bəzən düşünürük ki, meşələr tək yayda istidən qorunmaq, dincəlmək üçündür. Amma belə deyil. İlin bütün fəsillərində bura gələnlər var: qonaqlar, turistlər, rəsm çəkənlər, xəstələr… Çoxillik müşahidələrimə əsasən deyə bilərəm ki, burada müxtəlif xarakterli insanlarla qarşılaşmışam. Bu insanlar arasında təbiəti göz bəbəyi kimi qoruyanlara da, ona qənim kəsilənlərə də rast gəlmişəm. Əlbəttə, meşənin həmişə təmiz saxlanmasına çalışmışam, bunu buraya gələnlərin də diqqətinə çatdırmışam. İndi bütün meşələrə tullantı qutuları qoyulub. Bu qutular insanları meşəni təmiz saxlamağa “çağırır”. İstirahətə gələnlərə həmişə deyirəm ki, meşələrimizi də evlərimiz kimi təmiz saxlamalı, onlara qayğı ilə yanaşmalıyıq. Əgər mədəni istirahət üçün təbiətə üz tutub günlərlə burada vaxtınızı keçirirsinizsə, deməli, meşələrimiz də sizin eviniz kimi doğma olmalıdır.

Meşə gözətçisinin bu fikirlərindən sonra belə qənaətə gəlmək olar ki, meşələrimiz də digər təbii sərvətlərimiz kimi insanların yaşayış tərzinə birbaşa nüfuz edir. Təbiət nə qədər zəngin olarsa, insanın zövqünü də bir o qədər oxşayar, sağlamlığına da bir o qədər müsbət təsir göstərər. Belə isə fərqli rəftarımızdan asılı olmayaraq, hər kəsə qucağını səxavətlə açan meşələrimiz, həqiqətən, bizim yaşıl evlərimizdir. Xoş günlərimizlə yanaşı, dar günlərimizdə də üz tutub çətinliklərimizi onların sayəsində aşdığımız meşələrimizə həmişə məhəbbətlə, qayğı ilə yanaşarıqsa, zənginləşdirib, qoruyub, səmərəli istifadə edəriksə, ana təbiətimizin qucağındakı yaşıl evlərimizin qapıları da üzümüzə daim açıq olar.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə