Almaniyanın Xarici Kəşfiyyat Xidməti (BND) və daxili kəşfiyyat xidməti - Federal Konstitusiyanın Müdafiəsi Xidməti (BfV) Rusiyanın NATO ərazilərinə qarşı mümkün hərbi əməliyyatlarına dair xəbərdarlıq edib. SİA “Spiegel”ə istinadla xəbər verir ki, BND-nin yeni rəhbəri Martin Yeqer və BfV-nin rəhbəri Sinan Selen Almaniya parlamentinin nəzarət komitəsi qarşısında verdikləri açıqlamalarda vəziyyətin getdikcə gərginləşdiyini diqqətə çatdırıblar.
M.Yeqer bildirib ki, Rusiyanın NATO-ya qarşı genişmiqyaslı hücumu 2029-cu ildən əvvəl də reallaşa bilər. “Biz elə güman etməməliyik ki, Rusiya yalnız 2029-cu ildən sonra hərəkətə keçəcək. Biz artıq bu gün atəş altındayıq”, - deyə o, vurğulayıb. Xidmət rəhbəri əlavə edib ki, Moskvanın məqsədi NATO-nu zəiflətmək, cəmiyyətləri parçalamaq və lazım gələrsə birbaşa hərbi qarşıdurmaya da girməkdir.
BND rəhbəri Rusiyaya güzəştli münasibətin yanlış siqnal verə biləcəyini diqqətə çatdıraraq, BND-nin Avropa və beynəlxalq tərəfdaş orqanlarla daha sıx əməkdaşlıq edəcəyini və monitorinqi gücləndirəcəyini bildirib. O, Almaniyanın qlobal aktor kimi yalnız NATO-nun şərq cinahındakı hadisələrlə kifayətlənməməli olduğunu vurğulayıb. BND rəhbəri, həmçinin qeyd edib ki, hazırda Avropada hökm sürən soyuq sülh istənilən anda qarşıdurmaya çevrilə bilər.
S.Selen isə Rusiyanın getdikcə daha təxribatçı davranış sərgilədiyi barədə xəbərdarlıq edərək bildirib ki, Moskva Almaniyaya, Avropa İttifaqına və qərb müttəfiqlərinə qarşı aqressiv güc siyasəti yürüdür. Rusiya kəşfiyyat xidmətləri fəaliyyətlərini davamlı olaraq artırır və liberal demokratiyaları zəiflətmək strategiyasına xidmət edən müxtəlif səviyyələrdə eskalasiya metodları tətbiq edir. BfV rəhbəri bu siyasət nəticəsində Almaniyada casusluq, dezinformasiya, təsir göstərmə, sabotaj və kiberhücumlar kimi fəaliyyətlərin aşkarlandığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə