Mətbuatımızın durumu hansı səviyyədədir? - SORĞU

1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.
Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Bəs, bu gün mətbuatımızın durumu hansı səviyyədədir? SİA mövzu ilə bağlı media nümayəndələrinin fikirlərini öyrənib.

Jurnalist Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli: “Azərbaycan mediası, həmişə olduğu kimi, yenə də özünün uğurlu fəaliyyətini davam etdirir. Mediamız Azərbaycan ictimaiyyətinin, cəmiyyətinin keyfiyyətli informasiya ilə təmin olunması funksiyasını uğurla yerinə yetirir.

Yaşadığımız dövr yeni media dövrüdür. Media texnoloji baxımdan inkişaf dövrü keçir və buna uyğun olaraq özünün nəzəri yanaşmasını yeni dövrün tələblərinə uyğunlaşdırır.

Yaxşı haldır ki, 2022-ci ilin fevral ayında cənab Prezident Azərbaycanda Media Haqqında Yeni Qanun imzaladı. Bu qanun yeni media dövrünə adaptasiya olunan Azərbaycan mediasının hüquqi statusunu və təşkilatı formasını müəyyən edir. Həmçinin, jurnalistikanın statusunun müəyyənləşməsi üçün kifayət qədər töhfələr vermiş olur. Bu qanunvericiliyin qüvvəyə minməsindən sonra Azərbaycanda jurnalistlərin və media subyektlərinin missiyası, cəmiyyətdəki rolu və statusu barədə kifayət qədər aydın təsəvvür formalaşır və media da buna uyğunlaşır.

Azərbaycan mediasının yeni dövrə uyğunlaşması üçün dövlətimiz yeni proqramlar da icra edir. Media İnkişaf Agentliyi vasitəsilə KİV subyektlərinə təkmilləşmə üçün maliyyə dəstəyi göstərilir. Bu dəstək 50-dən yuxarı KİV-ə göstərilir ki, onlar da öz fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun qurmaq, inkişaf etmək və cəmiyyəti lazım olan informasiya ilə təmin etmək üçün bu vəsaitdən istifadə edirlər.

Azərbaycanda həm ənənəvi, həm də sosial media inkişaf edir. Əsas odur ki, ölkəmizdə media mühiti normaldır. Yəni, medianın qanunvericilik bazası, təhlükəsizlik normaları, etik standartlar və s. liberaldır. Buna uyğun olaraq Azərbaycan mediası həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf edir.

Azərbaycanda informasiya təminatına ictimai rəyin sabit tutulmasına baxsaq və bu ictimai rəyin sabit tutulmasında medianın rolunun olduğunu nəzərə alsaq, Azərbaycan mediası öz üzərinə düşən missiyanı uğurla davam etdirir. Dövlətimiz medianın təkmilləşməsi, yaşaması və keyfiyyətli informasiya istehsal etməsi üçün ona lazımi dəstək və qayğını göstərir”.

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: “Azərbaycan mətbuatı yeni qanun normativləri üstündə strukturlaşmaq və institutlaşmağın yeni mərhələsindədir. Bilirik ki, yeni qanun qəbul olunub. Dövlətin və medianın münasibətlərini tənzimləyən və dövlət siyasətində əslində medianın lobbiçiliyini edən yeni dövlət qurumu olan Media İnkişaf Agentliyi yaradılıb və artıq işlər həyata keçirilir.

Ölkəmizdə media siyasətinin mühüm istiqamətlərindən biri olan medianın dövlət tərəfindən maliyyələşdirilməsinin yeni institutları və yeni qaydaları tətbiq olunub. Əgər 2009-2010-cu illərdən başlayan medianın maliyyələşdirilməsi prosesi yalnız çap medianı əhatə edirdisə, bu gün onlayn medianın da legitim və şəffaf qaydada maliyyələşdirilməsi bizim media siyasətimizin mühüm uğurlarından biri kimi qəbul oluna bilər. Mediamızın bu gün öhdəsində çoxlu resurslar var. Bunlar milli jurnalistikanın fəaliyyət ənənələri və milli jurnalistika dəyərlərinin formalaşdırılmasıdır. Bütün hallarda hər bir jurnalist onun qələminin kökündə Həsən bəy Zərdabinin ruhunun dayandığını heç vaxt unutmur ki, bu da bizim milli mətbuat ənənələrimizin formalaşmasına öz müsbət təsirini göstərir.

Jurnalistlərin və media orqanlarının mütləq çoxluğu yüksək peşə qaydalarının mənimsənilməsinin vacib olduğu qədər dövlətçilik və vətənpərvərlik normativlərinin də vacib olduğunu lazımi səviyyədə anlayır. Azərbaycan jurnalistləri və media orqanları yaxşı bir haldır ki, həm peşəkarlığın, həm də dövlətçilik və vətənpərvərlik normalarının vacib olduğuna yüksək dəyər verirlər. Hətta bəzi hallarda Azərbaycan mediası və jurnalistlər dövlətçilik, vətənpərvərlik normalarını və fəaliyyət üsullarını peşəkarlıqdan və peşə maraqlarından üstün tuturlar. Belə demək mümkündürsə, bu gün Azərbaycan mediası və jurnalistlər dövlət vətənpərvərlik mənafelərinə peşəkar səviyyədə və peşəkar üsullarla xidmət göstərməyi bacarır. Əlbəttə, neqativlər də mövcuddur. Yəni, peşəkar milli mediamızın prinsipləri ilə ayaqlaşmaq istəməyən, bundan uzaqda öz peşə mənafelərini və peşə maraqlarını reallaşdırmağa cəhd göstərənlər də var. Amma nisbət götürəndə əlbəttə, Azərbaycan mediasında və jurnalistikada müsbət təmayüllər daha çoxdur nəinki neqativlər.

Milli mediamızın bu gün bir inkişaf dinamika mərhələsində olduğunu görürük. Medianın İnkişaf Agentliyi xətti ilə həm medianın maliyyələşdirilməsinin, həm inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinin, həm də neqativ tendensiyalardan sığortalanması üçün müəyyən layihələrin icrası əlbəttə əhəmiyyətlidir. Çox ciddi və hələ də həll olunmalı məsələlərdən biri xüsusilə də çap medianın inkişafına hərtərəfli qayğının və diqqətin göstərilməsidir. Xüsusilə də çap medianın reklam bazarına açılması hazırkı şəraitdə bizim gözlədiyimiz medianın mənafelərinin tələb etdiyi, amma hələlik tam şəkildə yerinə yetməmiş bir problemdir.

Biz başa düşürük ki, kommersiya strukturları, iş adamları daha çox öz mallarını reklam etmək və pul qazanmaq haqqında düşünürlər. Bu günlərdə Medianın İnkişaf Agentliyinin departament rəhbəri Natiq müəllimin bir çıxışını gördüm, çox xoşuma gəldi. Orada çap medianın üzünə reklam bazarının açılması və iş adamlarının, biznes strukturlarının çap medianın inkişafı naminə xeyriyyəçilik fəaliyyətlərinin açılmasının labüdlüyü qeyd olunurdu. Bu, çox vacib məsələdir. Yəni, iş adamları əgər başqa sahələrdə reklamlara həm də özlərinin xidmət və mallarının satılması, gəlir götürülməsi üsulu kimi baxırlarsa gərək çap medianın inkişafı üçün xeyriyyəçiliyin, həqiqətdə xeyriyyəçilik olduğunu da anlasınlar və bilsinlər ki, çap medianın inkişafı bu gün onlara birbaşa qəpik-quruş formasında gəlir verməsə də amma bizim üçün milli və dövlətçilik məsələsidir. Ona görə ki, dövlətimizin, cəmiyyətimizin bu gün sivilizasiyanın ən mühüm nailiyyətlərindən biri olan çap mediaya, qəzetlərə, jurnallara ehtiyacı var. Dünyanın heç bir ölkəsi bundan imtina etməyibsə, Azərbaycanın da bundan imtina etməsi düzgün olmazdı və əksinə onun inkişafı üçün gərəkən hər şey edilməlidir. Bir sözlə çap medianın üzünə reklam bazarının tam şəkildə açılması bu gün həlli vacib olan məsələdir.

Ancaq onu da qeyd edim ki, bu təkcə çap medianın özündən və dövlət orqanlarından asılı deyil. Burada daha çox şey məhz biznes strukturlarından, iş adamlarından və onların çap medianın inkişafı naminə messenatlıq potensialının nə qədər parlaq və qabarıq olmağından asılıdır. Onlar bir növ çap medianın fəaliyyəti üçün özlərindən asılı olan fədakarlıq payını əsirgəməməlidirlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə