Uşaqlarda bu davranışlar varsa,... - DİQQƏT - PSİXOLOQ AÇIQLADI

"Davranış pozuntusu uşağın müxtəlif psixi və fizioloji səbəblərə bağlı olaraq daxili qarşıdurmalarını əməllərinə köçürməsi nəticəsində ortaya çıxır. Hər 10 uşaqdan 7-də davranış pozuntusuna rast gəlinir. Daha çox 3-6 yaş dövründə olan uşaqlarda müşahidə edilir".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, bu yaş dövrü şəxsiyyət keyfiyyətlərinin “mən” obrazının formalaşdığı bir dövr kimi xarakterizə olunur: "Ona görə də, bu yaş dövründəki uşaqlara daha çox diqqət göstərilməli, davranış pozuntusu aşkar edildikdə gecikmədən korreksiya edilməlidir".

Psixoloq sözlərinə belə davam edib: "Davranış pozuntuları müxtəlifdir və uşaqlarda 13 yaşa qədər ortaya çıxır. Bu tip uşaqlarda yeniyetməlik çətin keçir, pis vərdişlərə meyillik müşahidə olunur”.

Ən çox rast gəlinən davranış pozuntuları:

Uzun müddət davam edən aqressiv davranışlar

Oğurluq

Əşyalara zərər vermək

Yaşıdları ilə dava etmək

13 yaşdan etibarən məktəbdən qaçmaq

Yalanlar və yaxud hadisələrin şişirdilməsi

Qaydaları pozmaq

Heyvanlara, əşyalara zərər vermə

Təcavüzkar davranışlar

Uyğunsuz ifadələrin işlədilməsi

Dırnaq yemə və barmaq əmmə

Əsassız qorxular

Aşırı hərəkətlilik

Kaprizlər

Uşaqlarda müşahidə edilən davranış pozuntularının əsas səbəbləri:

Diqqət çəkmək istəyi
Özünü təsdiq etmə istəyi
Valideynlərdən intiqam alma istəyi
Özünü xatırlatma

Diqqət çəkmək istəyi – uşaqlar hər zaman diqqət mərkəzində olmaq istədiyi üçün ailədən lazım olan qayğını ala bilmədikdə bəzən mənfi yollara əl atırlar. Məs: əşyaları yerə atma, aqressiv davranış, qışqırma, özünə zərər vermə.

Özünü təsdiq etmə istəyi – Bəzən valideynlər uşağa həddindən artıq diqqət göstərir və ya aşırı qadağalar qoyur. Hətta uşağın etməli olduğunu özləri edirlər. Hər iki halda uşaqlarda özlərini, öz bacarıqlarını təsdiq etmə istəyi ortaya çıxır. Bunun əsas səbəbi azyaşlılarda fəaliyyətsizliyin və diqqətsizliyin ortaya çıxardığı pozuntudur.

Valideynlərdən intiqam alma istəyi – Bu, əsasən, diktator tipli ailələrdə yaranan davranış qaydasıdır. Belə ki, valideyn uşağın istək və arzularını nəzərə almır və uşağa yetərincə sevgi və diqqət göstərmir. Belə halda uşaqda valideynlərindən intiqam almaq istəyi formalaşır və sadaladığımız davranışlar ortaya çıxır.

Özünü xatırlatma – Bu davranış özünü ən çox mühafizəkar ailələrdə büruzə verir. Belə olan halda uşağın şəxsiyyətində inkişaf ləngiyir və özünə inamsızlıq yaranır. Azyaşlı daim özünü mənfi davranışlarla xatırladır.

Davranış pozuntusu olan uşaqlarla daha çox vaxt keçirmək, sevgi göstərmək, özünə inam hissini aşılamaq, problemləri ilə maraqlanmaq xüsusilə vacibdir. Davranış pozuntusu aşkar edildikdə uşaq psixoloquna və ya psixoterapevtə müraciət etmək mütləqdir. Çünki kiçik yaş dövründə davranış pozuntusunun korreksiyası da asan olur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə