Zəhmətsiz bal yeməzlər - ARAŞDIRMA

Bəzən bir imtahan üçün aylarla oxuyub hazırlaşmaq, bəzən çox yorulsaq da, səhəri gün qalxıb eyni işə, eyni həvəslə başlamaq, bəzən iştirak etdiyimiz yarışda yıxılmağı qəbul etmək lazımdır. Bunların hər biri xüsusi zəhmət və əmək tələb edir.

Canlılar fayda verdikcə yaşayır. Meyvə verməyən ağac quruyar və çoxala bilməyən heyvan tələf olar. Həmçinin istehsal etməyən insan da bədbəxt və xəstə olar. İnsanların ən yaxşısı cəmiyyətə faydalı olandır. Buna görə də faydası ömürlərindən çox olanlar ölməz olurlar. Zəhmət işləmək, istehsal etmək və faydalı olaraq yaşamaq deməkdir. Bu gün, 1 may Beynəlxalq Əmək Günüdür. 1 may günü dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik bayramı kimi qeyd edilir. Bu bayramın tarixi fəhlələrin ABŞ-da keçirdiyi etiraz aksiyasından başlayır. 1896-cı ildə mayın 1-də Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15 saat işləmələrinə etiraz edərək nümayişə çıxıb, 8 saatlıq iş günü və istirahət hüququ tələb edib. Tətil qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə də yayılıb. Sonaralar Avropanın iri şəhərlərində, o cümlədən Rusiyada da fəhlə tətilləri başlayıb. Üç il sonra, 1889-cu ildə fəhlə partiyalarının beynəlxalq birliyi- İkinci İnternasionalın iştirakçıları Paris konqresinə toplaşaraq 1 may gününü bütün dünya fəhlələrinin həmrəylik günü elan ediblər. Dünyada ilk dəfə 1890-cı ildəbu bayramı qeyd ediblər. Bununla da fəhlələrinin tətil elan etdiyi 1 may tarixi zəhmətkeşlər günü kimə tarixə düşüb.

İşləmək mühüm sərvətdir. İşin və onun qədrini bilənlər həyat keyfiyyətini artırır. Əməyin insanlar üçün faydalarını düzgün qiymətləndirmək işdə uğur qazanmaq üçün vacib ilk addımdır. Biznes insanlara dörd ölçüdə gəlir gətirir.

1. İlk ağla gələn işləmək nəticəsində əldə edilən gəlirdir.

2. İnsanların sosial mühitini müəyyən edən amillərdən biri də işdir. İş həyatında tanış olan həmkarlar, müştərilər, təchizatçılar və əməkdaşlıq tərəfdaşları da insanların şəxsi həyatına keyfiyyət qatır. Bu dostluqlar insanların sosial inkişafına kömək edir.

3. İş həyatının insanlara qatdığı ən mühüm xüsusiyyətlərdən biri də bacarıqların inkişafıdır. İş həyatı insanların bilik səviyyəsi, problem həll etmə bacarıqları, yeni texnologiyalara uyğunlaşma kimi bir çox mühüm məsələlərdə inkişafına kömək edir. Bu bacarıqların inkişafı insanlara həm hazırkı, həm də gələcəkdə qazanacaqları işlərdə uğur qazandırır. Eyni zamanda, bu məsələlərdə baş verən proseslər insanların şəxsi həyatına müsbət təsir göstərir.

4. İş həyatındakı araşdırmalar insanlara təsir dairələrini inkişaf etdirməyə imkan verir. İş insanlara nəticələr əldə etmək üçün mühüm imkanlar təqdim edir. Maşın, avadanlıq, təchizat zənciri və işçi üçün mövcud olan sosial mühit işini yaxşı görənlər üçün vacib bir güc mənbəyidir.

İstər kiçik, istərsə də böyük bir məqsəd üçün həyatda hər hansı bir iş üçün səy göstərdiyimiz zaman bütün ilahi qüvvələr bizimlədir. Çünki əmək “ilahi” imtahandır. Əmək ilhamı, enerjimizi sərf etməyi, diqqəti cəmləməyi, niyyət etməyi, sevməyi, yıxılsaq belə ayağa qalxmağı və daha da yetkinləşməyi əhatə edir.

Ona görə də gec-tez "əməklərimizin" mükafatını həyatımız boyu bu ilahi qüvvələr bizə verəcək.

SİA 1 may Beynəlxalq Əmək Günü münasibəti ilə bağlı araşdırma apararaq deputat və ekspertlərin bu gün haqqında fikirlərini öyrənib.

Deputat Azər Badamov: “1 May Zəhmətkeşlərin Beynəlxalq günü kimi bir sıra ölkələrdə qeyd olunmaqda davam edir. Biz isə bu beynəlxalq bayramı əsasən sosialist ideologiyasının daşıyıcısı kimi qeyd etmişik. SSRİ-nin dağılmasından sonra ölkəmizdə 1 May bayramı rəsmi dövlət bayramlarının siyahısından çıxarılmışdır.

Bu bayramın meydana gəlməsi tarixinə diqqət yetirsək görərik ki, dünya əməkçiləri 8 saatdan artıq iş rejiminə etirazını kütləvi şəkildə bildirilməsi ilə başlayıb. Bu gün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında bütün insanların hüquq bərabərliyi təspit olunub. Yəni ölkəmizdə hər bir insanın əmək fəaliyyəti norması qanunla müəyyənləşmişdir. Həm də ölkəmizdə dünyanın bir çox ölkələrindən bir addım öndə olaraq ayrı-ayrı sahələrdə işləyənlərin peşə bayramlarını təsis edilmişdir. Peşə bayramı günlərində həmin sahələrin qabaqcıl işçiləri dövlət başçısı tərəfindən təltif olunurlar. Elə bir sahə yoxdur ki, o sahənin fəaliyyəti dövlətin diqqətindən kənarda qalsın və peşə bayramı günü qeyd olunmasın. Məsələn, Müəllimlər Günü, Neftçilər Günü, Kimyaçılar Günü və.s qeyd etmək olar. Ona görə də peşə bayramların təsis olunması o sahədə işləyənlər üçün daha böyük stimuldur və 1 mayın bayram günü kimi qeyd olunmağına ehtiyac qalmadığını hesab edirəm”.

Hüquqşünas Fariz Əkbərov ölkəmizdə əməklə bağlı olan hüquqi məqamlara toxunub: “1 May günü dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik bayramı kimi qeyd edilir. Azərbaycan dövləti özünün yeni tariхi inkişaf mərhələsinə – sosial həyatın bütün sahələrində köklü dəyişikliklərin aparılması mərhələsinə qədəm qoymuşdur. Bu islahatlar əmək qanunvericiliyini də əhatə etmiş və 1999-cu ilin fevralın 1-də Azərbaycan Respublikası özünün qanunvericilik tariхində yeni Əmək Məcəlləsini qəbul etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi əməyin azadlığını bəyan edir. Hər kəs öz seçimi üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Əmək müqaviləsi üzrə, yaхud kooperativ üzvü kimi işləmək olar, mülki-hüquqi müqavilə üzrə konkret-müəyyən işi yerinə yetirmək, yaхud fərdi sahibkarlıq fəaliyyətinin müхtəlif növləri ilə məşğul olmaq olar və s. Deməli, Azərbaycan Respublikasında əmək ən müхtəlif formalara malikdir. Bütün bu hallarda işləmək istəyən vətəndaşların (fiziki şəхslərin) əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan müəyyən ictimai münasibətlər yaranır”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “1 may sovetdənqalma bayram olduğu üçün indi əvvəlki kimi canfəşanlqla qeyd olunmur. Nəinki gənc, hətta bəzi orta nəsil nümayəndələri bu tarixin əhəmiyyətini unudublar. Amma hesab edirəm ki, əməkçilərin də bayram etməyə, şənlənməyə haqqı var.

Təəssüf ki, Azərbaycanda əkib-becərənlər, qurub-yaradanlar, bir sözlə, bolluq yaradanlar indi bir o qədər də xoşbəxt həyat sürmür. İş adamı qiyafətinə bürünmüş bəzi işbazlar zəhmətkeşləri istismar etməklə məşğuldur. Bu günü bayram edən zəhmətkeşlər bir çox hallarda öz zəhmətlərinin bəhrəsini görə bilmirlər. Həm dövlət sektorunda, həm də özəl müəssisələrdə zəhmətkeşlər aşağı maaşla çalışdırılır, onların gördüyü işin, çəkdikləri zəhmətin qiyməti çox vaxt aşağı tariflərlə ödənilir.

Son vaxtlar insanlar arasına oğurluğa, dələduzluğa meylin artması həm də yuxarıda qeyd etdiyim bu səbəblə bağlıdır. Zəhmət adamı çəkdiyi əziyyətin qiymətini layiqincə ala bilmədiyi üçün asan yolla gəlir əldə etmək istəyənlərin sayı sürətə artır. İnsanları uşaq və yeniyetmə yaşlarından əməyə alışdırmaq üçün təsirli tədbirlər görülmür və yaxud az görülür. Zəhmətkeş yaxşı yaşamalıdır ki, başqaları də bu həyatı seçsin. Hesab edirəm ki, ölkəmzidə əməkçilərin sosial müdafiəsinin gücləndirilməsinə ehtiyac var.

Şərtlər nə qədər ağır olsa da, öz zəhməti ilə pul qazanan, halal çörək yeyən hər bir insan hörmət və ehtirama layiqdir. Bütün zəhmətkeşlərin bayramını təbrik edirəm!”.

Deputat Müşfiq Cəfərov: “1 May günü dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik bayramı kimi qeyd edilir. Bu bayramın tarixi zəhmətkeş fəhlələrin ABŞ-da keçirdiyi etiraz aksiyasından başlayır.

Həmin gün Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15 saat işləmələrinə etiraz edərək nümayişə çıxıb, 8 saatlıq iş günü və istirahət hüququ tələb edib. Aksiya tezliklə bütün ölkəni bürüdüyündən hökümət etirazçılarla razılaşır. Dünyada ilk dəfə 1890-cı ildə bu günü rəsmi bayram kimi qeyd ediblər. Bununla da fəhlələrinin tətil elan etdiyi 1 may tarixi zəhmətkeşlər günü olaraq tarixə düşüb.

Ölkəmizdə 1 may SSRİ-nin tərkibində olduğu dövrlərdə, 1920-1991-ci illərdə 1 may rəsmi bayram kimi qeyd edilib.

Hazırda 1 may dünyanın 67 ölkəsində işçi bayramı günü kimi qeyd olunur. Türkiyədə də Beynəlxalq Əmək Günü Taksim meydanında böyük coşqu ilə qeyd olunur.

Uzun illər böyük bayram təntənəsi ilə qarşıladığımız 1 may tarixi çoxlarımızın yaddaşına əlamətdar gün kimi həkk olunub. Bu bayram rəsmi şəkildə qeyd olunub, xoş təəssürat yaratsa da, həmin dövrdə bir çox fəhlənin haqq səsini çatdırması qan və can itkisinə səbəb olmuşdu. 4 may 1886-cı ildə Çikaqo küçələrində qarşıdurma zamanı altı nümayişçi həlak olub. Həmçinin, hüquq-mühafizə orqanları etirazçılara qarşı daha sərt tədbirlər həyata keçiriblər. Bu qarşıdurma zamanı həm polisin, həm də etirazçıların kütləvi toplaşdığı meydana partlayıcı maddə atılıb. Nəticədə səkkiz nəfər polis əməkdaşı həlak olub, 50 nəfərdən artıq adam ağır dərəcəli bədən xəsarətləri alıblar. Qeyd etdiyim kimi 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik günü tarixi heç də xoş hadisələrlə yadda qalmayıb. Hazırda isə dünyanın əksər ölkələrində böyük coşqu və izdihamla qeyd olunur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə