Məktəbli formaları necə olmalıdır? - ARAŞDIRMA

Eyni məktəbli forması olan şagirdlər geyimlərini müqayisə etmir və dərsə daha çox maraq göstərə bilirlər. Məktəbli formasının nə üçün lazımdır sualına cavabı 4 əsas başlıq altında toplamağa çalışdıq.

1. Bərabərlik

Bərabərlik məktəbli formasının müdafiəsi zamanı ən çox istifadə olunan sözlərdən biridir. Çünki məktəbli formaları uşaqlara eyni geyinmək imkanı verir. Beləliklə, heç bir uşaq yeni paltar geyinmədiyi üçün psixoloji sarsıntı keçirmir.

2. Aidiyyət hissi

Məktəbli formasının nə üçün zəruri olduğu suallarından biri də aidiyyət hissini artırmasıdır. Bu xüsusən də köklü tarixi olan qurumlarda loqo (gerb) vasitəsi ilə “qurum”a mənsub olmaq qürur, prestij və böyük bir cəmiyyətin bir parçası olmaq deməkdir.

3. Rahatlıq

Uşaqları məktəbli forması geyinən valideynlər daha rahatdır. Bunun səbəbi məktəb paltarlarını rahatlıqla dolabdan çıxarıb geyinə bilmələridir. Bu, valideynlərin vaxtına və puluna qənaət edir.

Bundan əlavə, şagirdlər pula qənaət edərək növbəti ildə məktəbli formasını geyinə bilərlər.

4. İntizam

Şagirdlərin məktəbdə diqqətinin dağılmasının səbəblərindən biri də geyimləri ola bilər. Eyni məktəbli forması olan şagirdlər geyimlərini müqayisə etmir və dərsə daha çox maraq göstərə bilirlər.

"Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov məktəbli geyimləri ilə bağlı mətbuata açıqlama verib.

Etibar Əzimov deyib ki, məktəbli formalarının qiyməti onun rəngindən, formasından və parçanın keyfiyyətindən asılıdır: "Yeni məktəbli formasının nümunələri təsdiq olunub. Lakin qiymətlər məktəblərin seçimindən asılı olacaq. Məktəb hansı rəngdə, hansı parça növündən istəsə, qiymətlər ona uyğun müəyyən olunacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Təhsil Nazirliyi hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verildiyini, yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə gəlməsinə yol verilməyəciyini bildirib.

Məktəbli forması almaq qat-qat baha görünsə də, elə deyil. Məktəb paltarlarının qiymətləri istehsalçıdan birbaşa alındıqda çox baha olmur. Bəzi qurumlar istehsalçılardan aldıqları qiymətlərin üzərinə yüksək gəlir əldə etmək məqsədi ilə qiymətlər təyin edirlər. Valideynlər də təbii olaraq bu vəziyyətdən narahatdırlar.

Azadlığa mane olmaq

Valideynlər məktəbli formasının övladının azadlığına maneə olduğunu düşünürlər.

Cinsiyyətçilik

Qızları ətək və kişi şalvar geyinməyə məcbur etmək inkişaf etmiş cəmiyyət anlayışından çox uzaqdır.

SİA məsələ ilə bağlı araşdırma apararaq ekspertlərin fikirlərini öyrənib.

Təhsil eksperti Kamran Əsədov: “Orta təhsil müəssisələrində vahid məktəbli formasından 2010-cu ildən istifadə edilməyə başlanıb. Bu da tədrisin keyfiyyətinə öz müsbət təsirini göstərib. 12 il ərzində şagirdlər tərəfindən istifadə edilən məktəbli formalarının keyfiyyəti bizi qane etməyib. Çünki, kənardan gətirilən və keyfiyyətli olmayan məhsullar bazara öz diqtəsini edirdi.

Bunun nəticəsində də valideynlər aldıqları formalardan bir il müddətində belə istifadə edə bilmirdi. Lakin Nazirlər Kabineti tərəfindən yeni dizaynda məktəbli formalarının eskizləri hazırlanıb. Bu məktəbli formasında ilk dəfə olaraq qızlar üçün qış aylarında şalvar nəzərdə tutulub.

Eyni zamanda, bu məktəbli formalarında “dresskod”lar olacaq. Bunun vasitəsilə əvvəlki illərdən fərqli olaraq şagirdlər məktəbdən başqa yerlərdə bu formalardan istifadə edə bilməyəcək. Bu da gigiyena baxımından çox yaxşıdır. Ötən illərdən fərqli olaraq artıq həm yay, həm də qış üçün formalar olacaq. Bu valideynləri iki dəfə forma almağa məcbur edə bilər, amma hesab edirəm ki, qiymətlər əlçatan olacaq. Valideynlər yalnız məktəbin pedaqoji şurası tərəfindən qəbul edilmiş formanı ala bilər. Çünki bütün məktəbli formaları eyni olmalıdır.

Məktəbli formalarının qiyməti ilə yanaşı, keyfiyyətinə də nəzarət edilməlidir. Bəzi ailələrin maddi çətinlikləri onlara hər dəfəsində yeni forma almağa imkan vermir. Ona görə də elə keyfiyyətli formalar hazırlanmalıdır ki, qərara əsasən üç il müddətində yeni formaya ehtiyac duyulmasın”.

Psixoloq Zeynəb Əyyubova: “Əslində, Təhsil Nazirinin bunu etməkdə məqsədi, maddi imkanı aşağı və ya yüksək olan uşaqların bir-birindən fərqlənməməsidir. Hər bir şagird standart geyimdə olsun və bununla da onların düşüncəsində varlı-kasıb anlayışı yox olsun. Amma buna belə gücü çatmayan valideyn hər hansısa sosial qurumlara müraciət edə bilər.

Ehtiyac olan ailələrə sosial qurumlar müəyyən qədər yardım edər. Lakin bütün məktəblərdə olacaq standart formanın qiyməti də hər bir ailəyə uyğun olacaq deyə düşünürəm. Bu da müəyyən baxımdan maddi problemlərin aradan qalxmasına kömək edə bilər".

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi: “Yeni məktəbli formaları ilə bağlı standart qiymətlər olacağını düşünürəm. Hətta bu il qiymətlər bir az arta da bilər. Formaların qiyməti 48-50 manatdan 100 manata qədər müəyyənləşdirilə bilər. Əlbəttə, hər il formaların yenilənməsi bütün valideynləri narahat edən məqamdır. Hər il yeni forma almaq maddi cəhətdən ailələrə ziyan verir. Lakin son qərara əsasən formalar üç ildən bir yenilənəcək.

Digər xarici ölkələrə nəzər yetirsək, orada da formaların yeniləndiyini, lakin bunun 2-3 ildən bir baş tutduğunu görərik. Azərbaycanda da formaların yenilənməsi üç, hətta beş ildən bir həyata keçirilməsi daha məqsədəuyğundur. Eyni zamanda, bu formalara milli ornamentlərin əlavə olunması da yaxşı olardı.

Düşünürəm ki, növbəti illərdə liseylər istisna olmaqla, digər təhsil müəssisələrində sərbəst geyimə icazə verilməsi məqsədəuyğun olar. Bu, valideynlərin öz büdcəsinə görə övladına geyim almaq imkanı yaradar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə