Fransada hər il 561 milyon ilə 1,7 milyard avro arasında dəyəri olan dərmanların israf edildiyi bildirilir. Bu barədə Fransa Hesablama Palatasının dərc etdiyi son hesabatda məlumat verilir. Sənəddə qeyd olunur ki, bu qədər ciddi maliyyə itkisi ölkənin səhiyyə sistemi üçün böyük yük yaradır və vəziyyətin dəyişməsi istiqamətində təcili və təsirli tədbirlərin görülməsinə ehtiyac var.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hesabatda şəhərlərdə həkimlər tərəfindən təyin olunan, lakin sonradan istifadə olunmayan dərmanların bu israfın əsas səbəbi olduğu bildirilir. “Cyclamed” adlı təşkilat tərəfindən toplanan dərmanlar əsasında aparılan hesablamalara görə, 2023-cü ildə Fransada 8503 ton dərman atılıb və ya yandırılıb.
Əgər yalnız bahalı dərmanlar istisna edilərsə, itki 561-788 milyon avro arasında dəyişir. Amma bütün dərmanlar nəzərə alındıqda, bu məbləğ 1,7 milyard avroya qədər yüksəlir.
Fransa Hesablama Palatası hesab edir ki, bu dərman tullantılarının qarşısını almaq üçün daha dəqiq monitorinq və koordinasiya mexanizmləri yaradılmalıdır. Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, xroniki xəstəliklər (məsələn, diabet, yüksək təzyiq, astma) hər dörd fransızdan birini əhatə edir. Bu isə dərman istehlakının və paralel olaraq israfın həcmini daha da artırır.
Həm ekoloji, həm də iqtisadi baxımdan dərman israfının bu qədər böyük həcmdə olması Fransa səhiyyə sistemində ciddi struktur problemlərə işarə edir. Hesablama Palatası və tibbi təşkilatlar daha səmərəli idarəetmə, daha yaxşı koordinasiya və aktiv monitorinq mexanizmlərinin qurulmasının vacibliyini vurğulayır.
Bütün xəbərlər Facebook səhifəmizdə