AQTA primitiv işlərlə məşğul olur - AİB SƏDRİ İRADINI BİLDİRDİ

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) çox təəssüf ki, spirtli içkilər sektorunda primitiv işlərlə məşğul olur. Ölkədə külli miqdarda saxta, təhlükəli spirtli içkilər var. 3 il öncə Daxili İşlər Nazirliyi yanında Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsi iş apardı və masanın üstünə qoydu ki, ən brend içkilərin saxtaları, təhlükəliləri var. Bunlar ən əhəmiyyətli dükanlarda, restoranlarda satılır. Çox təəssüf ki, AQTA tarixə baxmaqdan o tərəfə keçmir. Baxmayaraq ki, milyonlar hesabına tikilmiş labaratoriyalar var”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, əhali arasında spirtli içkilərlə bağlı təzadlı məqamlar var: “Nəinki Azərbaycanda, hətta dünyanın bütün ölkələrində istehlakçılar elə bilirlər ki, spirtli içkilər nə qədər çox qalsa o qədər yaxşıdır. Hansı ki, konyakların saxlanma müddəti satışda 3 ildən çox deyil. Araqlar 1 ildən çox deyil, şərablar 6 aydan çox deyil. Biz Azərbaycan əmtəə bazarına baxsaq görərik ki, təxminən 80 faiz spirtli içkilərin üzərinə buraxılma tarixi, son yararlılıq müddəti yoxdur”.

Eyyub Hüseynov sözlərinə belə davam edib: “Təəssüf ki, AQTA bunları heç nəzərə almır və onu da qeyd edim ki, mən Fransanın cənubunda şərab zavodunda olmuşam. Üzüm plantasiyalarının arasında tikilmiş şərab zavodunda biz bir nümayəndə heyəti zirzəmiyə düşdük. İnsandan hündür palıd çəlləklərdə şərablar saxlanılırdı. Bizə dedilər hündürdən danışmayın şərab ayılar. Təəssüflər olsun ki, Azad İstehlakçılar Birliyi hələ Azərbaycanda spirtli içkilərin standartında hər iki tarixin yazılmasına nail olmayıb və dünyanın bir çox ölkələrində problem var. Məsələn, mən başqa ölkələrdə İtaliyada, Portuqaliyada görmüşəm ki, üstü tozlanmış şüşələrdə guya ki, 50 il saxlanılıb. Spirtli içkinin yarım litri min dollara satılır. Bu da əslində istehlakçının aldadılmasıdır”.

“Spirtli içkilərin yararlılıq vaxtı keçdikdən sonra onların tərkibində sivuş yağlarının miqdarı artır və hətta insanları kor edə bilər, zəhərlənmələrə səbəb ola bilər. İnsan əli ilə yaradılmış bütün malların, o cümlədən spirtli içkilərin yararlılıq müddəti var. Təəssüf ki, Azərbaycan əmtəə bazarında qeyd etdiyim kimi çox böyük miqdarda spirtli içkilərin üzərində buraxılma tarixi, son yararlılıq müddəti yoxdur. Bu cür problem siqaretlərdə də var. Milli Məclisdə tütün və tütün məmulatları haqqında qanun qəbul olunanda mən radikal olaraq çıxış etdim ki, tütün məmulatlarının yararlılıq müddəti bir ildən artıq deyil. Gəlin iki tarixin də qoyulmasına nail olaq. Yalnız biz bir tarixin yəni buraxılma tarixinin qoyulmasına nail olduq. Son yararlılıq tarixinin qoyulmasına nail ola bilmədik. Bunun da özünün özəl səbəbləri var. Nə üçün spirtli içkilərlə tütün məmulatlarında bu məsələ arxa planda qalır? Təəssüf ki, ölkənin əmtəə bazarında külli miqdarda təhlükəli spirtli içkilər mövcuddur. Düşünürəm ki, AQTA daha fəal iş aparmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə