20 Yanvar faciəsinə şəhər sakinlərinin baxışı - SORĞU

Qara Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğındır. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Sabah artıq bu Qanlı faciədən 32 il ötür. Biz də SİA olaraq əhalinin o günü necə xatırladığını öyrənməyə çalışdıq.

Şəhər sakini Şəbnəm Feyzili:
“20 yanvar tarixi xalqımızın yaddaşında unudulmayacaq izlər qoyub. Yazılan əsərlər, kitablar, çəkilən filmlər həqiqətləri nə qədər əks etdirsə də o anları yaşamaq çox çətin və faciəlidir. Mən hələ də 20 yanvar m/t -a getdikcə o hissləri yaşamış kimi oluram. Bəli, düzdür, həmin ildə mən həyatda olmamışam. Lakin düşünürəm ki, Vətəni sevmək üçün zamanın özü lazım deyil. Qəlb lazımdır. Həmin gün Şəhidlik məqamına ucalan, faciəni, qanlı günü yaşayanlar tək zamanları ilə deyil, Vətənə olan sevgiləri ilə yaddaşa və tarixə həkk olundular”.

Şəhər sakini Süleyman Rəhmanov: “Mən də bu hadisəni öz gözləri ilə görənlərdənəm. Çox az insan sağ çıxıb ordan mən də onlardan biriyəm. Həmin gün hamımız üçün çox böyük bir bədbəxtçilik idi. Biz hər birimiz həmin günü dərin hüznlə xatırlayırıq. Amma əlimizdən heçnə gəlmir. Hər il Şəhidlər Xiyabanını ziyarət edirəm. Bu zaman həmin günü yenidən yaşayıram. Yenidən hər şey gözümün önündə canlanır”.

Şəhər sakini Vəfa Bayramova:
“Bu hadisə baş verəndə mənim 4 yaşım var idi. Buna görə də həmin günü xatırlamıram. Amma sonrasında istər məktəbdə istərsə də ailəmizdə bu hadisə ilə bağlı çox məlumat əldə etmişəm. Xüsusilə də atam Qarabağ qazisidir və bu mövzu haqqında o hər zaman ürək ağrısı ilə danışıb. İstər Qarabağ müharibəsi istərsə də 20 Yanvar barədə mən ən çox onun danışdıqlarından məlumat əldə etmişəm. 20 Yanvar bizim qan yaddaşımızdır. Biz heç vaxt bu hadisəni unuda bilmərik”.

Şəhər sakini İsrafil Bəkirov:

“20 Yanvar Azərbaycan xalqının qanlı yaddaşıdır. Bizim kollektiv heyətindən də bir nəfəri itirmişik. Mən rabitə sistemində çalışıram və biz həmin vaxt da iş başında idik. Biz həmin gecə ümumilikdə rabitə sahəsindən 4 nəfər şəhid verdik. Bu gün elə həmin şəhid ailələri ilə görüş keçirdik. Verilən məlumata görə 137 nəfərdən çox şəhidimiz olub. Hətta 20 Yanvardan sonrakı günlərdə də Şəhidlərimiz oldu. Neftçala, Lənkəranda bir neçə gün sonra isə Bakı-Sumqayıt yolunda bu cür hadisələr baş tutdu. Sabah da pandemiya şəraitini nəzərə alaraq kollektivimizlə birgə Şəhidlər Xiyabanını ziyarət edəcəyik”.

Şəhər sakini Ofelya Babayeva:
“20 Yanvar hadisəsi təəssüf ki, ümumi matəm günü kimi qeyd olunur. Ancaq mən deyərdim ki, bu matəm günü deyil, bu bizim fəxarətli ən qürurlu günümüzdür. Demək olar ki, tarixdə nadir hallarda Azərbaycan xalqı Azərbaycan gəncləri heçnədən çəkinmədən heçnədən qorxmadan öz azadlıq səslərini ucaldıblar. İstəyir sadə vətəndaşı olsun istərsə hərbçi, istərsə də siyasət xadimi olsun həmin gün hər kəs bir olmuşdu. Məqsədimiz, amalımız Azərbaycanın müstəqilliyi idi. Artıq o rejimdən, o qaydalardan azad olmalı idik. Çünki o ittifaqda yaşaya bilməzdik. Heçnədən qorxmadan azadlıq meydanına toplan yığışdı insanlar. Hansı ki, elə bu hadisədən sonra ora Azadlıq Meydanı adlandırıldı. Biz öz azadlığımızı elan etdik. Əfsuslar olsun ki, azadlıq bütün dünya üzrə tarixi hadisələrə baxsaq heç vaxt qansız şəkildə əldə olunmayıb. Azərbaycanın da azadlıq mübarizəsi şəhidsiz qansız olmadı. Məhz buna görə də biz o şəhidlərə borcluyuq bugünümüzü. Onların sayəsində biz öz istəyimizə müstəqilliyimizə nail olduq”.

Bakı sakini Habil Məmmədov:
“Mənim qardaşım həmin vaxt tələbi olduğu üçün biz Bakıda idik. 20 Yanvarda tankları insanların, maşınların üzərindən keçməyini gördük. Qadın, kişi fərq etmədən hər kəsin üzərinə yürüdülər. Həmin vaxt Salyanski Kazarma deyilən yerdə nə qədər insan qırmışdılar. Bu həmin günü yaşayan insanlar üçün çox acı bir xatirədir. Hadisənin sonrakı günü şəhər çox dəhşətli görünürdü. İnsanları harda olsa güllələyiblər. Hətta evində eyvana çıxan şəxsləri belə güllə ilə vuraraq, öldürüblər. Normal insan bu hadisəni törətməz”.

Paytaxt sakini Nərmin Mahmudova:
“Tarix 20 yanvarı göstərir… Qalxdım yerimdən, hər il olduğu kimi geyindim paltarlarımı, aldım əlimə bayrağı, sarıldım ona. Yola çıxdım… buradayam. Keçirəm yenə o baxışların önündən.. Yox, yox, ağlamıram. Ağlamaq zamanı deyil çünki. Gərib sinəmi fəxr edirəm bu xalqla. O xalqla ki, “müstəqil” olmaq üçün ilk addımı bu gün atdı, o xalqla ki, canı bahasına olsa da üstündə gəzdiyim bu torpaqları qorudu. Qürur duyuram. Qəlbimdə, ruhumda tək hiss var sadəcə qürur. Əllərinin ayrılacağını bildiyi halda bir zəncir kimi bərk bərk digərlərindən tutub, başı dik tankın qabağında dayanan o kişinin nəvəsiyəm, silahı olmasa da qəlbinin atəşini silah əvəzi işlədən o qadının qızıyam. Yerdə yatan o üzü nurlu oğlanın bacısıyam! Mən bu xalqın qızıyam!”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə